Yığmamızın baş məşqçisi: “İstənilən rəqiblə oynaya bilərik”
27.01.2022 - 09:00
Yığmamızın baş məşqçisi: “İstənilən rəqiblə oynaya bilərik”

“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar ki, bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər”. 

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib. 

O, Avropa çempionatının final mərhələsində İspaniya yığması ilə 2:2 hesabı ilə bitən matçı şərh edib: “İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik. Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Hersoqivaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.