“Mahir mədəni, əla oğlandır, son dərəcə tərbiyəli, ingiliscə yüksək səviyyədə danışan oyunçudur. Məncə, onun Zaqrebə və “Dinamo”ya uyğunlaşması üçün çox vaxt lazım olmayacaq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq məşqçisi Mario Tokiç Xorvatiya mətbuatına açıqlamasında Mahir Emrelinin Zaqreb “Dinamo”suna transferini dəyərləndirərkən deyib.
Vaxtilə millimizdə Nikola Yurçeviçin köməkçiliyini edən və hazırda Oman yığmasında eyni funksiyanı yerinə yetirən 47 yaşlı mütəxəssis Emrelinin Xorvatiya klubuna asanlıqla uyğunlaşacağını düşünür: “Düşünürəm ki, onun transferi Zaqreb klubunun atdığı uğurlu addımdır. Mahir Azərbaycanın ən yaxşı komandası olan “Qarabağ”da təzyiq altında oynayıb. Əsas oyunçulardan biri idi. Tez-tez cinahda çıxış etsə də, heç bir problem olmadan hücumun mərkəzində də oynaya bilir. Biz millidə ondan həmin mövqedə yararlandıq. “Dinamo”ya gələn futbolçu üçün vacib olan məqam müdafiə olunan komandalara qarşı oynamağı bacarmasıdır. Real olaq, HNL-də bütün komandalar “Dinamo”ya qarşı müdafiə olunur. Düşünürəm ki, Emreli “Dinamo”da əsas qolçulardan biri olacaq. İnanılmaz sürətli oyunçudur. Hətta onun özünə demişdim ki, sürətindən 100 faiz istifadə etmir”.
Tokiçin fikrincə, 25 yaşlı forvard Avropa Liqasının pley-off mərhələsində “Sevilya” ilə qarşılaşacaq “Dinamo”ya bu turnirdə də xeyir verəcək. O, azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq istəməmələrini isə maliyyə ilə əlaqələndirib: “Dinamo”nun sürətli keçidlərlə oynayacağı avrokubok matçlarında Emreli də öz sürəti ilə komandaya fayda verəcək. Texniki baxımdan da kifayət qədər yaxşıdır. “Legiya”nın heyətində avrokuboklarda çıxış etməsi müsbət haldır. Azərbaycanlı futbolçular öz vətənlərində çox yaxşı pul qazanırlar və buna görə çoxu xaricə getməyi ağlına belə gətirmir. Onlara evdə xoşdur, yaxşı yaşayırlar, pul qazanırlar. Ancaq Mahir azərbaycanlı futbolçunun Avropada uğur qazana biləcəyini göstərmək istədiyindən, irəli addım atmaq qərarına gəldi. Varşavada uyğunlaşma prosesindən keçib. İndi bütün əcnəbilərə həmişə qonaqpərvər olan Zaqrebdə Emreli üçün daha asan olacaq”.
Qeyd edək ki, Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.