Zaur Həşimov: “Səbail”dən çəkinirəm” - MÜSAHİBƏ
15.12.2019 - 12:07
Zaur Həşimov: “Səbail”dən çəkinirəm” - MÜSAHİBƏ

“Zirə”nin baş məşqçisi Zaur Həşimovun apasport.az saytına müsahibəsi

- Komandanız bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə “Səbail”lə oyuna çıxacaq. Oyunöncəsi sizi narahat edən nəsə var?
- Durum stabildir. Digər oyunlara necə yanaşırıqsa, “Səbail”lə oyuna da həftə ərzində eyni hazırlaşmışıq. Sadəcə Cavid Hüseynovun qayınatası rəhmətə getdiyinə görə ona sərbəstlik vermişik. Amma yəqin ki, komanda ilə birlikdə olacaq. Hər halda, Cavidin start heyətində meydana çıxmaq ehtimalı yoxdur. 

- Ev oyununda daha inamlı çıxış etməyiniz üçün ilk oyunda - səfərdə hansı nəticə sizi razı salacaq?
- Bizim üçün ən yaxşısı məğlub olmamaqdır. Ondan da yaxşısı səfərdə qol vura bilməkdir. Mənə elə gəlir ki, rəqib meydanında oynayan bütün komandalar bunu istəyər. 

- Ölkə çempionatının XIV turunda “Zirə” evdə “Səbail”ə qalib gəlmişdi. Özü də sizin üçün demək olar ki, asan qələbə alınmışdı. Həmin oyunu nəzərə alsaq, “Səbail” sizə hər hansı problem yarada bilərmi?
- Çempionatda “Səbail” üzərində qazandığımız böyükhesablı qələbəmiz məni indi bir az narahat edir. Nəyə görə? Həmin oyunda ikinci hissə bir az arxayınlaşma oldu. Əminəm ki, bu oyun “Səbail” üçün revanş matçı olacaq. Bu məni narahat edən məsələdir. Bizə hansı problemi yaşada bilərlər məsələsinə gəlincə, çempionat oyununda bizdən əvvəl “Neftçi” ilə evdə oynayıblar. “Səbail” həmin matçı hətta qalib də başa vura bilərdi. Heyətinə görə, sözün düzü, mən “Səbail”dən çəkinirəm. Millinin üzvləri oynayır, Aleksandr Rıbka, Eriko Silva zədəsini sağaldıb. “Səbail”in heyətinə baxsaq, bizimlə başabaş və hətta bizdən də üstün olan cəhətləri var. Şansları 50/50 dəyərləndirirəm.

- Aftandil Hacıyevlə uzun illər futbolçu kimi millidə, “Qarabağ”da birlikdə çıxış etmisiz. Onu yaxşı tanıdığınızı demək olar? Yoxsa, məşqçi kimi onu o qədər də yaxşı tanımırsınız?
- İnsanı məşqçi kimi tanımaq üçün onun komandasına gərək baxasan, analiz edəsən. Mənə görə, Aftandil Hacıyev çox təhlükəli məşqçidir. 

- Futbolçular açıqlamalarında kuboku qazanmaq istədiklərini deyirlər. 1/4 final mərhələsini keçə bilməsəniz uğursuzluq sayılacaq?
- Futbolçularımızın kubok haqda belə açıqlamalar verməsinə rast gəlməmişəm. Heç mən özüm də “biz kuboka oynayırıq” sözünü işlətməmişəm. Həm kubokda, həm də çempionatda nə qədər bacarırıqsa, o qədər irəliləməyə çalışacağıq. “Səbail”lə oyunları götürsək, dediyim kimi şanslar 50/50-dir. Yəni onları 100 faiz keçəcəyik deyə əminlik yoxdur. Meydana yaxşı nəticə üçün çıxacağıq.

- Samir Abasovun gedişindən sonra baş məşqçi postuna dəvət edildiniz. Komandada nəyi dəyişə bilmisiniz, yoxsa hələ də komanda siz istədiyiniz oyunu oynamır?
- Mənim ilk növbədə istəyim kollektivdəki inamın, atmosferin, mehribançılığın, əzmkarlığın yüksək olması idi. Ən çox bu yöndə çalışırıq. Amma nəyinsə dəyişilib-dəyişilmədiyinə kənardan baxanlar daha yaxşı qiymət verə bilər. Mənim nəsə deməyim düzgün çıxmaz.

- Qışda “Zirə”dən kimlərin gedəcəyini müəyyənləşdirmisiz? Daha çox Anastasios Papazoqlunun komandadan göndəriləcəyi barədə söhbətlər yayılıb...
- Bəli, Papazoqlu ilə artıq danışmışıq. Əfsuslar olsun ki, bunu mən edirəm. Amma futbol belədir də, dəyişiklik etmək lazımdır. Hələ ki, Papazoqlu ilə danışmışıq, o da özünə klub axtarır. Qışda konkret necə olacağını görəcəyik. Rəhbərlikdən xahiş edərik, heç olmasa 1-2 transfer həyata keçirək. Bunu edə bilsək, yaxşı olar.

- Papazoqlu ilə özünüz söhbət etdiniz? 
- Bəli, danışdım. İnciklik əlbəttə ki, oldu. Amma onu başa düşürəm. Papazoqlu məndən əvvəl də, mən gələndən sonra da oynamaq üçün yetərincə şans qazanıb. Bugünki gündə bu cür səviyyəli futbolçunun ehtiyatda oturması özü üçün də yaxşı olmaz.

- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?
- Onu indidən deməyim. Yalnız hücum xətti olmadığını deyə bilərəm. Çox oyunçu transfer etmək fikrimiz də yoxdur. Amma konkret olaraq heç olmasa 2 transfer fikirləşirik. 

- Riçard Qadze gələr-gəlməz özünü ən yaxşı tərəfdən göstərə bilirdi. Amma son oyunlarda sanki kölgəyə çəkilib. Razısınız?
- Riçard elə vaxtı gəldi ki, həqiqətən də bizim oyunçuya ehtiyacımız var idi. Zədəlilərimiz çox idi. Gələndən sonra komandamıza çox kömək etdi, indi də etməkdədir. “Sabah”la oyunda çox yaxşı oynadı, sonrakı oyunlarda qol da vurdu. Son matçlarda fərqlənmədiyi üçün adı tez-tez hallanmır. Hücumçunun belə xüsusiyyəti var ki, qol vurursa adı tez-tez hallanır. Riçard qol vurmasa belə, meydanda etdiyi işlərlə komandaya çox xeyir verir. 

- Sizin baş məşqçi postuna gəlişinizdən sonra, “Zirə” çox qol vurmağı vərdiş edib. Maraqlı məqam odur ki, çox qol vurmaqla yanaşı, qapınızda da çox qol görürsüz. Deyəsən, müdafiədə də problem var...
- Sırf müdafiə deməyək. Komanda şəklində müdafiə olunmaqda çətinlik çəkirik. Müdafiəçilərimiz yaxşı, təcrübəli oyunçulardır. Sadəcə komanda şəklində müdafiə olunanda boşluqlarımız olur. “Qəbələ”yə 0:3 hesabı ilə uduzduğumuz oyunu çıxmaq şərtilə, bütün matçlarda qol vurmuşuq. Amma qalib gəldiyimiz oyunlarda belə qapımızda qol görmüşük. Ya diqqətsizlikdir, ya hansısa məqamlarda nəsə çatışmır. Onun üzərində çalışıb aradan qaldıracağıq.

- “Zirə-2”nin qapıçısı Səbuhi Əliyevin adı danışılmış oyunlarda hallandığına görə futboldan uzaqlaşdırılıb. Bu barədə fikriniz necədir? Onu əsas komandaya cəlb etmək haqda heç düşünmüşdünüz?
- Belə halların nəyinki bizim komandada, ümumiyyətlə futbolda baş verməsi xoşagəlməzdir. Mən Səbuhini “Bakı”nın əvəzedici heyətindən tanıyırdım. Amma bizdə əsas komandaya gəlməsi haqda söhbət olmayıb. Çünki bizdə üç qapıçı – Abdulla Seyidəhmədov, Orxan Sadıqlı və Boyan Zoqoviç var. Səbuhinin adı əsas komanda ilə hallanmayıb, əsas komandada olmayıb. Bu barədə fikirləşməmişik də.

- Milli komandanın baş məşqçisi Nikola Yurçeviç istefaya göndərildi. Onun əvəzinə Robert Prosineçkinin qayıdışı ehtimal edilir. Sizcə milliyə yerli, yoxsa xarici mütəxəssisin gətirilməsi daha yaxşı olardı?
- Robert Prosineçkinin dövründə millidə oynayan uşaqların dediyindən belə başa düşürəm ki, onun komandamıza xeyri dəyib. Amma istəyərdim ki, milli komandamızda yerli mütəxəssis baş məşqçi işləsin. Çünki yerli mütəxəssis kimi milliyə canı yanan, mentaliteti bilən, futbolçulara bələd olan heç bir xarici mütəxəssis gələ bilməz. 

- Namizədiniz var? Hansı yerli məşqçini yığmanın “sükanı arxası”na keçməyə hazır sayırsız? 
- Ad çəkməyim düzgün olmaz. Var deyəndə ki, gəlin məsələyə elə yanaşmayaq. Nikola Yurçeviç millidə bir il işlədi. Mənə elə gəlir ki, hansısa yerli məşqçimizi yetişdirib, onun arxasında dayanıb ona daha çox inanmaq lazımdır. Onsuz da bura lap tanınmış məşqçilər də gəlmir. Səbəb də futbolçu problemidir. Ona görə də xarici məşqçidənsə, elə öz yerlimiz millidə işləsə daha yaxşıdır.

0
Zaur Həşimov Zirə Azərbaycan kuboku