Zidanın “5”i, 12 illik seriyaya son, “Real”ın həsrəti
19.12.2019 - 02:06
Zidanın “5”i, 12 illik seriyaya son, “Real”ın həsrəti

İspaniya La Liqasının X turundan təxirə salınan “Barselona” – “Real” matçı bir sıra statistik məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, bəzi göstəricilər 0:0 hesabı ilə başa çatan “El-Klasiko”ya əlavə rəng qatıb. 

Zidanın “5”i
Zinəddin Zidan “Real”ın tarixində ilk baş məşqçidir ki, “Nou Kamp”da keçirdiyi ilk 5 “El-Klassiko”da məğlubiyyətlə üzləşməyib. Fransalı bu səfərlərdə 2 qələbə və 3 heç-heçəyə sevinib.

17 ildən sonra
“El-Klasiko”da qolun vurulmamasına son 17 ildə ilk dəfə təsadüf olunub. Sonuncu dəfə komandalar 2002-ci ildə qolsuz heç-heçə edib. Düzdür, 2011-ci ildə İspaniya kubokunun matçında da əsas vaxtda qol qeydə alınmayıb. Lakin əlavə vaxtda madridlilər qalib gəlib.

Fati
“Barselona”nın futbolçusu Ansumane Fati 17 yaş 48 günlüyündə “El-Klasiko”da debüt edib. O, son 78 ildə bunu bacaran ən gənc futbolçudur. 1941-ci ildə Visente Martines 16 yaş 278 günlüyündə nəhənglərin duelində şans qazanıb.

12 illik seriyaya son
“Barselona” 12 ildən sonra öz meydanında “Real”a qol vurmayıb. “Kral klubu”nun səfərdəki son quru matçı 2007-ci ilə təsadüf edib. Ardıcıl 17 səfər oyununda qol buraxan madridlilər seriyaya son verib.

“Real”ın həsrəti
“Real” 5 oyundur “Barselona”ya qalib gəlmir. 2017-ci ildə İspaniya Superkubokunda 2:0 hesablı qələbəyə sevinən paytaxt təmsilçisi sonrakı görüşlərdə 2 heç-heçə edib və 3 məğlubiyyət alıb.
 

0
Real Barselona El-Klasiko