“Barselona”nın hücumçusu Usman Dembele karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçilərinin maraq dairəsində olan fransalı futbolçuya ilk təklif “Arsenal”dan gəlib.
Baş məşqçi postuna Unay Emerini gətirən “topçular” 21 yaşlı oyunçunu heyətinə qatmaqda maraqlıdı. London təmsilçisi bunun üçün “Barselona”ya 87 milyon avro təklif edib. Lakin La Liqa çempionu ötən yay Dortmund “Borussiya”sından 105 milyon avroya transfer etdiyi Dembeleni çətin ki, bu məbləğə satsın. Kataloniyalılar Antuan Qrizmannı “Atletiko”dan alacağı təqdirdə, Dembeleni icarəyə vermək variantını nəzərdən keçirə bilər.
Qeyd edək ki, Usman Dembele ötən mövsüm “Barselona”nın heyətində 24 oyun keçirib, 4 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.