Dünən Qazaxıstanla səfərdə yoldaşlıq görüşü keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 1:1 hesablı bərabərliklə kifayətlənib. Apasport.az saytı xəbər verir ki, qarşılaşma ilə bağlı yerli mətbuata müsahibə verən Qazaxıstanın yarımmüdafiəçi Yuri Pertsux heç-heçəni ədalətli nəticə hesab edib.
- Oyun ürəyinizcə keçdi?
- Sürət çatmırdı, xüsusən də, birinci hissədə ağır hərəkət edirdik. Əlbəttə, çalışırdıq, lakin son mərhələdə çatışmazlıq yaranırdı. Düşünürəm ki, cavab qolunu vurmağa layiq idik. Bu üzdən bərabərlik ən ədalətli nəticə oldu.
- Rəqib bu matçda hansı özəlliyi ilə sizi təəccübləndirdi?
- Azərbaycanlılar bizdən daha yaxşı görünürdülər. Xüsusən də, birinci hissədə çox qaçırdılar.
- Matçı Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov və formasını geyindiyiniz “Astana”nın yeni çalışdırıcısı Roman Qriqorçuk da izləyirdilər. Bu, sizə əlavə motivasiya verirdimi?
- Bilirdim ki, məşqçilər və futbol mütəxəssisləri oyunda olacaqlar. Lakin kimlərin tribunada yer almasına əhəmiyyət vermirdim. Əlbəttə, yığmanın və “Astana”nın baş məşqçisinin diqqət yetirməsi əlavə məsuliyyət, motivasiya verirdi.
- Növbəti gün Qazaxıstanla Azərbaycanın əsas milliləri “Astana Arena”da üz-üzə gələcəklər. Sizin proqnozunuz nədi?
- Əminəm ki, yığmamız qalib gələcək.