“Qremio”nun yarımmüdafiəçisi Artur karyerasını “Barselona”da davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı futbolçu özü verib.
22 yaşlı orta sahə oyunçusu “Qremio” ilə vidalaşıb: “Xəyalım gerçəkləşdi, hər kəsə təşəkkür edirəm. Sağollaşıram, amma vidalaşmıram. Ümid edirəm ki, nə vaxtsa bura qayıdacam. 14 yaşımdan “Qremio”dayam, ön qapıdan çıxdığım üçün qürur duyuram. “Barselona” komandaya bu yay qoşulmağımı istədi. Danışıqlarda iştirak etmədim və transferə heç bir təsirim olmadı. Sevinirəm ki, gedişim “Qremio”ya qazanc gətirdi”.
Qeyd edək ki, tam adı Artur Enrike Ramos de Oliveyra Melo olan futbolçu Braziliyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib.