“Qarabağ” Azərbaycan Premyer Liqasında minimum gümüş medalı təmin edib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXIII turunda “Şamaxı” ilə oyundan sonra Ağdam təmsilçisinin mövsümü ilk iki pillədə bitirəcəyi dəqiqləşib.
“Azersun Arena”dakı matçda rəqibini 8:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun kollektivi 3-cü pillədəki “Zirə” ilə aradakı xal fərqini 19-a yüksəldib. Sona 5 tur qaldığından, bakılıların liderə çatmaq şansı qalmayıb. Mövsümün qalan hissəsində yalnız ikinci pillədəki “Neftçi”nin “Qarabağ”ı ötmək şansı davam edir.
“Şamaxı”nın isə avrokuboklara vəsiqə qazanmaq şansını tamamilə tükənib. Bölgə təmsilçisi sona 5 tur qalmış 4-cü yerdəki “Qəbələ”dən 15 xal geri qalır. “Şamaxı” bundan sonra maksim nəticə göstərsə və “Qəbələ” məğlubiyyətləri sıralasa, ən yaxşı halda xallar bərabərləşəcək. Belədə isə “Qəbələ” şəxsi görüşlərdəki üstünlüyünə görə (2:1, 3:2, 1:1) 4-cü yerdə qalacaq.