“Sürətli, dinamik oyunun şahidi olduq. Üstün, kifayət qədər yaxşı oynadıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis qarşılaşmadan sonra fikrini bu sözlərlə davam etdirib: “Rəqibə layiqli müqavimət göstərdik. Bu gün son nöqtəni qoymağımıza ustalıq çatmadı. Rəqibin Maçado, Bezerra kimi oyunçuları var. Bizim belə hücumameylli oyunçularımız azdır. Gəncləri meydana buraxdıq. İlk hissədə əsasən rəqibi təzyiq altında saxlamağı düşündük. Planımız böyük ölçüdə alındı. Bunu nəticəyə çevirmək çətin oldu. İkinci hissədə qol buraxdıqdan sonra da oyundan qopmadıq. Azı 7-8 qol epizodumuz oldu. Bu gün “Neftçi” üçün 1 xal da yaxşı olardı. Onlar 3 xala sevinməlidirlər. Çünki məncə, matçın gedişində onlar qələbə qazanacaqlarını heç özləri də gözləmirdilər. Artıq neçə oyundur ki, rəqiblərdən oyun baxımından geri qalmırıq. Sadəcə, ustalıq səviyyəsi çatmır. Bir neçə gənc oyunçumuz var ki, belə matçların ağırlığını qaldırmaq onlara çətin olur. Oyunumuza görə pozitivik”.
Hacıyev son dəqiqələrdə vurduqları qolun sayılmamasına görə hakimi günahlandırıb: “Düşünürəm ki, təmiz qol idi. Matçın içində hiss etmək olmurdu. Videogörüntüyə baxdıqdan sonra təmiz qol olduğunu gördük. Ümumiyyətlə, oyunun tempini daha çox hakim aşağı saldı. Rəqib son çempion “Neftçi” idi. Görüşün tempini bu qədər aşağı salmağa ehtiyac yox idi. Hakimin qərarlarını anlamadım. Qapıçı oyunun vaxtını kifayət qədər uzadır, 90-cı dəqiqədə sarı vərəqə verir. Bir neçə epizodda əks-hücuma çıxırıq, top bizdə olarkən oyunu saxlayıb, rəqibə sarı vərəqə göstərir. Hakim “Neftçi”yə azlıqda olduğunu hiss etdirmədi. Rəvan Həmzəzadə matçın tempinə ayaq uydura bilmədi. Bəlkə də, bu cür qərarlar rəqibə sərf elədi. Bizi üzən sarı vərəqələr oldu. Adil Nağıyev və Tural Bayramlını növbəti turda kimlərin əvəzləyəcəyi bizim üçün böyük sualdır. Ancaq yenə də əlimizi yanımıza salmayacağıq. Qalan 4 matçda layiqli mübarizə aparıb, xallar qazanmağa çalışacağıq”.