“Bizi ağır oyunun gözlədiyini bilirdik. Rəqib çempionatımızın favoritidir. Komandam meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”a məğlub olduqları (1:3) ilk oyun barədə danışarkən deyib.
Çalışdırıcı matçın ardından mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Sonuncu qoldakı epizoda münasibət bildirmək istərdim. Ötən tur “Sumqayıt”la oyunda bizim lehimizə penalti verilməli idi. O, daha çox 11 metrlik zərbəyə oxşayırdı, nəinki bu. Məncə, matçın qırılma nöqtəsi sonuncu dəqiqələrdə verilən qərar idi. Düşünürəm ki, orada penalti yox idi. Bizə qarşı bir az fərqli yanaşırlar. Bizim qapımıza dərhal penalti verirlər. Bizim istədiyimiz epizodlara isə başqa cür yanaşırlar”.
Çalışdırıcı mübarizəni davam etdirəcəklərini əlavə edib: “Turnirdən qopmayacağıq. Mən bu komandaya inanıram. Heyəti yığanda hamı fikirləşirdi ki, 7 və ya 8-ci yeri tutacağıq. Amma komandamız sağlamdır, heyətdəki futbolçular daha yaxşı nəticəyə qadirdirlər”.
Baxşıyev mövsümün əvvəlində avrokuboklara vəsiqə qazanmaq barədə düşünmədiklərini söyləyib: “Hər zaman növbəti oyunu düşünürük. Qismətdə varsa, vəsiqə qazanacağıq. Bizim hamımızda iddia var. Amma o iddia ilə alışıb yanmırıq. İşimizi elə qurmuşuq ki, qarşıdakı rəqibi fikirləşirik”.