“Nə tapşırıq verilmişdisə, komanda meydanda göstərməyə çalışdı".
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”la oyun barədə danışarkən deyib.
Qəbələ şəhər stadionunda baş tutan matçda məğlubiyyətdən son anda qurtulan (1:1) “qırmızı-qaralar”ın qələbəsiz oyunlar seriyası 6-ya yüksəlib.
Qarşılaşmanın ardından Baxşıyev komandasının çıxışını dəyərləndirib: “Komandamdan razıyam, istədiyim kimi çıxış etdi, daha çox hücumda oldu. Çoxsaylı epizodlara girdik, sadəcə dəyərləndirməkdə çətinlik yaşadıq. İnanıram ki, daha yaxşısını edə biləcəyik. Heç bir "qara zolaq"da deyilik. "Qəbələ" öz dişini göstərəcək. İddiamızdan əl çəkməyəcəyik, komanda olaraq sona qədər iddiamızı ortaya qoyacağıq".
42 yaşlı çalışdırıcı matçın son dəqiqələrində qırmızı vərəqə alaraq texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakim səhvləri ardıcıl hər oyun bizim başımıza gəlir. Ötən oyunda da bizim matçda hakim səhvi oldu. Nədənsə, epizodlar bizə fərqli, onlara fərqli gəlir. Mənim etirazımı normal qarşılamaq lazımdır. Bunu ağır cəza ilə cavablandırırlarsa, sağ olsunlar".