Joze Alesio səhvini etiraf etdi: “Oyunçulara dedim ki, “dincəlin”, tempi aşağı salın”
22.01.2022 - 20:39
Joze Alesio səhvini etiraf etdi: “Oyunçulara dedim ki, “dincəlin”, tempi aşağı salın”

“Birinci hissədə yaxşı oynadıq. Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının final mərhələsində Gürcüstanla keçirilən ilk oyun barədə danışarkən deyib.

Niderlandın Qroningen şəhərində baş tutan görüşdə yığmamız qitə birinciliyinin debütantına qarşı 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, sonda meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında braziliyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “İlk yarıda hadisələr biz istəyən kimi cərəyan edirdi. Bunun nəticəsi olaraq ardıcıl 2 qol vurduq və hesabda üstünlük qazandıq. Oyunçulara dedim ki, müəyyən qədər “dincəlin”, yəni tempi aşağı salın. Çünki passivimizdəki cərimələrimiz də çox idi. Onlar da çox geri çəkildilər, “oturdular”. Bəlkə də, birinci hissədə bunu başa düşmək olardı, çünki sona yaxın artıq 5 cəriməmiz var idi. Paltardəyişmə otağında tapşırdım ki, səliqəli oynayın, səhvə yol verməyin. Hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını başa saldım. Düşünürəm ki, ikinci hissəyə çox sakit başladıq. Belə deyim də, məğlubiyyətə səbəb etdiyimiz səhvlərimiz oldu. Rəqibimiz də yaxşı oynadı”.

Çalışdırıcı yenilgiyə baxmayaraq, şansların hələ də bitmədiyini hesab edir: “Düzdür, vacib oyunda yenildik, amma qarşıda daha 2 matçımız var. Məşqlərdə səhvlərimiz üzərində işləyəcəyik. Psixoloji baxımdan da uşaqlarla söhbətlər aparmaq lazımdır. Sona qədər mübarizə aparacağıq. Əlbəttə, hər şey ancaq bizdən də asılı deyil. Gürcüstanla Bosniya və Herseqovina arasında keçiriləcək oyunun nəticəsi də çox vacibdir. Əgər gürcülər həmin oyunda qələbə qazansa, bizim üçün çətin olacaq”.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.