“Serbiya millisindən ayrıldıqdan sonra 2018-ci ildə AFFA nümayəndələri mənə yaxınlaşdı və görüşdük”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.
Ukrayna mətbuatına açıqlama verən serbiyalı mütəxəssis ölkəmizə gəlişindən danışıb. O, yığmanın sükanı arxasına keçməsinin səbəblərini izah edib: “Həmin vaxt AFFA rəsmiləri yerli futbolun inkişafı proqramı haqqında danışdılar və məni gənclər komandasının başında görmək istədiklərini dedilər. Mənim üçün bu, böyük sınaq idi. Serbiyanın U-17 və U-19 komandalarında, sonra əsas yığmada birinci köməkçi kimi çalışdım. Özümü sınamaq, yeni səviyyəyə keçməyə nə qədər hazır olduğumu görmək istədim”.
45 yaşlı çalışdırıcı buradakı fəaliyyətindən razılıq bildirib: “İndi deyə bilərəm ki, Azərbaycan yığmasına gəlməyim düzgün addım idi. Geridə qalan üç ildə 12 futbolçu gənclərdən ayrılaraq əsas milliyə keçib. Mən hər şeydən razıyam. Azərbaycanda işləmək mənim üçün asandır və xoşdur”.
Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarından U-21 yığmamızı çalışdırır.