Qurban Qurbanov: "Mənim daim çox yaxşı futbolçularım olub"
24.04.2022 - 19:21
Qurban Qurbanov: "Mənim daim çox yaxşı futbolçularım olub"

“Çox vacib qalibiyyət əldə etdik. Futbolçular çox əziyyət çəkdilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ” üzərində 2:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib: “Neçə gündür buradayıq. Futbolçular istər-istəməz yaxınlarından, əzizlərindən uzaq düşmüşdülər. Bir az psixoloji yorğunluq var idi. Amma vacib məqam odur ki, 3 xal qazanmaq üçün meydanda xeyli əziyyət çəkdilər. Bəlkə də, oyun sönük görünə bilərdi. Amma ümumi fiziki göstəricilərə baxsaq, xeyli güc sərf elədilər. “Qəbələ” də məğlub olmaq istəmirdi. “Qəbələ”yə qarşı oynamaq xoşdur. Amma 7-8 gün içində ardıcıl iki dəfə üz-üzə gəlmək oyunçulara mənfi təsir göstərir. Çalışacağıq ki, ölkə kubokunda yarımfinal mərhələsinin “Qəbələ”yə qarşı cavab matçına da komandanı yaxşı formaya gətirək”.

Çalışdırıcı “bu gün çempionluq gecəsi olacaqmı”, sualını belə cavablandırıb: “Bu barədə heç düşünməmişəm. Reallığa baxsaq, ola bilər. Ancaq “Neftçi” də elə-belə məğlub olmur, mübarizəni sona kimi aparmaq istəyir. Oturub gözləyəcəyik. Allah qorusun, bundan sonrakı məğlubiyyətlərimiz çempionluq yolunda bizə mane ola bilər. Amma bunu düşünmədən qarşıdakı oyunlara hazırlaşmalıyıq ki, şansı rəqibə verməyək. Mən həmişə ehtiyatlanıram. Bir şeyi qazanmamışamsa, “artıq qazandım” demirəm. Çünki bəzi şeylər məndən asılı deyil. Yəni qarşımızda hələ maneə ola bilər”.

Qurbanov komandasının uğurlu seriya yaxalamasına da toxunub: “Belə nəticə sevindirici haldır. Futbolçular hər oyunda qələbə üçün meydana çıxırlarsa, bu, üstünlükdür. Bunun üçün futbolçu daha peşəkar olmalıdır. Görünən odur ki, oyunçularım daha da peşəkarlaşıblar. Futbol bəzən oyun sistemimizi dəyişməyə, özümüzü meydanda daha aqressiv aparmağa vadar edir. Biz də dəyişikliklərə uyğunlaşmağa çalışırıq. Mənim daim çox yaxşı oyunçularım olub”.

Baş məşqçi cinah müdafiəçiləri Marko Veşoviç və Abbasov Hüseynov arasında müqayisə aparmayıb: “Həm Veşoviç, həm də Abbas mənim əsas oyunçumdur. Növbəti turda düşünmədən hər ikisini ilk dəqiqələrdən meydana buraxa bilərəm”.