Qurban Qurbanov: “Son illər belə halla üzləşməmişdik”
20.04.2022 - 19:36
Qurban Qurbanov: “Son illər belə halla üzləşməmişdik”

“Kubok oyunu çempionatdan fərqli olur. Burada komandalar daha istəkli oynayırlar. Çünki matçın taleyi iki oyundan ibarətdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə qalib gəldikləri (3:1) ilk oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Gərgin oyun keçdi. “Qəbələ”nin matça yaxşı hazırlaşdığı görünürdü. Onlar kubokda çox vaxt finala kimi yüksəliblər. Bu gün bir texniki səhvimiz qol buraxmağımızla nəticələndi. 3:1 hesablı qələbə qazansaq da, futbolçular əziyyət çəkdilər. Komandamdan razı qaldım, çünki sona qədər qələbə üçün oynadılar”.

Qurbanov hesabı “Qəbələ”nin açmasının onun üçün sürpriz olmadığını söyləyib: “Qəbələ”nin hesabı açması məni təəccübləndirmədi. Onların əvvəlki matçlarına da baxmışam. Mübarizəyə görə, bəlkə də, çox oyunda məğlubiyyətə layiq deyildilər. Çox sürətli əks-hücumları olur. “Qəbələ” istənilən an qol vurmağı bacaran komandadır. Düzdür, bu gün qol buraxmağımızı istəməzdim. Amma yekunda qələbə qazanmağımıza şadam”.

Çalışdırıcı həm Premyer Liqanın növbəti turunda, həm də kubokun cavab qarşılaşmasında ardıcıl “Qəbələ” ilə qarşılaşmalarına da münasibət bildirib: “Bura dünən gəlmişik. Uyğunlaşmaq oyunçular üçün asan deyildi. Futbolçunun ən çox xoşlamadığı bir proqram eyni rəqibə qarşı 3 dəfə oynamaqdır. İstər-istəməz eyni rəqib, eyni sistem... Bu, futbolçu üçün xoş hal deyil. Bəlkə də, son illər belə halla üzləşməmişdik ki, səfərdə qalaq, ardıcıl iki oyun keçirək. Yenə də yaxşı hazırlaşmağa çalışacağıq ki, növbəti oyunlarda da uğurlu çıxış edə bilək”.

Baş məşqçi “qızıl dubl” arzusunda olduqlarını gizlətməyib: “Hər il hər turnirdə maksimum yaxşı nəticə göstərmək istəyirik. Son neçə ildə bu alınmırdı. Bu mövsüm şansımız var, bundan istifadə etməyə çalışacağıq. Qarşıda hələ cavab oyunu var, çempionat da davam edir. Bəli, şanslarımız var. Bu il hər iki turnirin qalibi olsaq, buna sevinərik. Bunu nə dərəcədə bacaracağıq, qarşıdakı oyunlar göstərəcək”.