Qvardiola: “8:0 hesabı daha yaxşı olardı”
27.04.2022 - 10:01
Qvardiola: “8:0 hesabı daha yaxşı olardı”

“Hər iki komandanın fantastik oyunu oldu. Çox iş gördük. Təəssüf ki, qol buraxdıq, amma daha çox qol vura bilərdik. İnanılmaz komandaya qarşı fantastik oyun keçirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la keçirilən ilk oyun barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis evdə 4:3 hesablı qələbəni dəyərləndirib. O, nəticədən məmnun qaldığını deyib: “Tamaşaçılar üçün əyləncəli matç idi. Daha böyük fərqlə qalib gəlmək istəyirdik, ancaq 4:3 də yaxşı nəticədir. Bu oyunu izləyən hər kəs əyləndi. Əlbəttə, 8:0 hesabı bizim üçün daha yaxşı olardı. Amma bu, Yupiter və Marsda baş verə bilər. “Real” kimi komanda qarşısında belə hesab yalnız nağıllarda olar”.

Qvardiola cavab görüşündə də qələbə qazanmaq arzusunda olduqlarını söyləyib: “Real” böyük təzyiq göstərdi və çox gərgin oynadı. Amma biz özümüzlə fəxr edə bilərik. Həm topla, həm də topsuz yaxşı idik. Futbolçulardan daha çox şey istəmək çətindir. Madridə qələbə üçün gedəcəyik. Hər iki komanda hücum etmək, oynamaq istəyir. Futbol adına fantastik performansdır. “Real” həmişə təhlükədir, lakin biz onlarla bu səviyyədə mübarizə apara biləcəyimizi gördük”.