Rəşad Sadıqov: “Məşqçi işini sırf limit üzərindən qurmamalıdır”
20.04.2022 - 21:57
Rəşad Sadıqov: “Məşqçi işini sırf limit üzərindən qurmamalıdır”

“Rəqib kuboku qazanmaqda çox istəkli görünür”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə qolsuz bərabərə qaldıqları ilk oyun barədə danışarkən deyib.

Gənc mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “İlk dəqiqələrdən pressinq tətbiq etmək istədik. Taktiki cəhətdən zəngin oyuin oldu. Hər iki komanda səhv etmək istəmirdi. Kubokda bir səhv həlledici olur. Müəyyən təhlükəli hücumlarımız oldu. Son zərbələrdə dəqiqlik çatmırdı. Ümumi götürdükdə komandamdan razıyam. Taktiki cəhətdən həm istək, həm özünəinam baxımından özlərini yaxşı göstərdilər. Qarşıda cavab matçı var. Şanslar yarı-yarıyadır. "Neftçi"yə qarşı bu dəfə səfərdə oynayacağıq. Finala keçən komanda olmaq üçün əlimizdən gələni edəcəyik".

Baş məşqçi Hamidu Keytanı ikinci hissədə əvəzləməsinin səbəbini belə izah edib: "Keytanın oyunundan razı qaldım. Onun meydanda hər saniyə olması rəqib üçün təzyiqdir. Amma onun sağlamlığı mənim üçün daha vacibdir. Amma zədələnməsindən ehtiyat etdiyim üçün əvəzləmək qərarına gəldim".

Sadıqov Premyer Liqada əvəzetmə sayının 5-ə yüksəldilməsi təklifinə də münasibət bildirib: "Çox məsələ var ki, standartdan kənara çıxırıq. Kimsə 5 əvəzetmə edirsə, o demək deyil ki, biz də belə etməliyik. Mövsümün əvvəlində bu təklifi mən dəstəkləmişdim. Mənim üçün 3 və ya 5 əvəzləmənin fərqi yoxdur. Hətta orta yolu deyirəm ki, 3 olmasa da, 4 əvəzləmə olsun. Pandemiya dövründən artıq çıxırıq. 5 əvəzləmə niyə təklif edilir, bilmirəm. Avropada komandalar 50-60 oyun keçirirlər. Bizdə isə finala qədər getsən, 32 matç edir. Bu da çox deyil".

O, legioner limitinin ləğvi məsələsinin müzakirəyə çıxarılmasını isə bu cür dəyərləndirib: "Bu gün 7 yerli ilə oynayırdıq. Nadir hallarda meydana 6 əcnəbi çıxarmışam. Məşqçi işini sırf limit üzərindən qurmamalıdır. Bizdə Cəlal Hüseynov ötən il bir çox matçda sırf limitə görə yox, öz gücünə görə oynayırdı. Zərurətdən aşağı yaş qrupunda olan oyunçunu oynatmaq qeyri-peşəkarlıqdır. Bu gün "Neftçi"də də 2 gənc oyunçu var idi. Onlar limitə görə oynamırdılar ki. Limitdə müntəzəm çıxış edən o qədər oyunçu var idi ki, indi yoxdurlar. Elə klublar var ki, gənci məcburiyyətdən oynadır. Bu da avrokuboklarda ciddi ziyan vura bilər. Əsas odur ki, futbolçu olsun, seçim edə biləsən. Biz seçimdə çətinlik çəkirik. "Zirə"nin məşqçisi kimi danışmıram. Bəlkə də, mənə indiki limitin qalması sərf edir. Amma ümumi futboldan söhbət gedirsə, Rəşad kimi öz fikrimi bildirməliyəm".

Rəşad Sadıqov həm Premyer Liqada, həm də kubokda mübarizə aparmalarının asan olmadığını sözlərinə əlavə edib: "Hər iki cəbhədə mübarizə aparmaq çətindir. "Neftçi" ilə eyni şəraitdəyik. Çempionatda avrokuboka iddia edən komandaların kubokda da davam etməsi onların şanslarının eyni olduğunu göstərir. Bundan sonra çempionatda iki matç və "Neftçi" ilə kubokun cavab görüşü bizim üçün çox önəmlidir".

Çalışdırıcı "Zirə-2"nin I divizionda son pillədə qərarlaşmasının onlar üçün önəm kəsb etmədiyini deyib: "Zirə-2" ilə bağlı planlarımız var. Ötən il U-19-da oynayan uşaqlar var idi ki, bu gün bizimlə məşq edirlər. Biz "Zirə-2"də nəticəni düşünmürük. Orada məşqçi üçün nəticə vermək çətindir. Bizim üçün vacibi odur ki, cavanlar orada oynasınlar, bir neçə ildən sonra əsas komandaya cəlb olunsunlar".