“Gərgin oyun keçdi. İki komanda da ehtiyatlı oynayırdı".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Zirə” ilə 0:0 hesablı heç-heçə etdikləri ilk oyun barədə danışarkən deyib.
Çalışdırıcı matçın ardından fikrini bu sözlərlə davam etdirib: “Hər iki komanda rəqibin səhvini gözləyirdi ki, cavab görüşü öncəsi işini rahatlaşdırsın. Cavab matçı da bu məcrada gərgin keçəcək. Əsas odur ki, uduzmadıq. Həm kubokda, həm də çempionatda seriyanı davam etdirmək istəyirik. Bu gün də itkilərlə çıxmışdıq. Sezar Meza Kollidə zədə var idi. Onu riskə atmaq istəmirdik. Amma qarşıdakı görüşə də hazır olması üçün sonradan oyuna qoşduq. İtkilər oyunun uğursuz gedişatında nəyisə dəyişmək baxımından təsir göstərir. Məsələn, Vojislav Stankoviç bu gün oynamırdı. Bu, istər-istəməz digər müdafiəçilərə təsir edir. Çünki daim bir yerdə oynayıblar. Ömər Buludov yeni mövqedə oynasa da, xüsusən də, ikinci hissədə ən yaxşılardan biri idi. "Sabah"la son matçda həddən artıq yorulmuşduq. Futbolçular uduzmamaq əzmini ortaya qoydular".
Abasov Premyer Liqanın qalan matçlarında da qələbə barədə düşünəcəklərini deyib: "Çempionatda xal itirmək istəmirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Gənclərə şans veririk. Onlar üçün bu yükün altından çıxmaq asan deyil. Əsas məqsədimiz komanda şəklində uduzmamaqdır. Bu hədəfi qarşımıza qoysaq, nəyəsə nail ola bilərik”.
O, legioner limiti ilə bağlı fikirlərini də bölüşüb: "Bu yöndə fikrimdə həddən artıq sərtəm. Bu fikrim hətta öz klubumuza da xoş gəlmir. Mən limitin ləğvinin tərəfdarıyam. Düşünürəm ki, indiki limit futbolumuza ziyan vurur. 5 əvəzetmə isə həddən artıq yaxşı olar. Digər ölkələr bundan yararlanırsa, biz niyə yararlanmayaq".
"Neftçi"nin çalışdırıcısı səfər qolu üstünlüyünün ləğvini müsbət amil hesab edir: "Səfər qolu üstünlüyünün əziyyətini çəkmişik. Bir dəfə 3:3 hesablı heç-heçəyə görə mübarizəni dayandırmışdıq. Bugünkü sistemə öyrəşməliyik. Cavab görüşündə də buna uyğun hazırlaşacağıq".