“Razıyam ki, futbola canı yanan hamı sonda milli komandanın nəticəsinə baxır. Biz özümüz də bəzi nəticələrdə xoş hisslər keçirmirik”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
Yığmamızın hazırkı durumunu dəyərləndirən qurum rəsmisi vəziyyətin ürəkaçan olmadığını etiraf edib: “Son olaraq Malta və Latviyaya qarşı keçirdiyimiz yoldaşlıq görüşündə məğlubiyyət yolverilməzdir. Bu, belə olmamalıdır. Düzdür, yoldaşlıq görüşü olduğundan, məşqçi korpusu rotasiyalara üstünlük verir. Canni de Byazi digər oyunçuları da sınamışdı. O da optimal heyəti müəyyənləşdirmək üçün həmin oyunçuları dəvət etmişdi. İnanırıq ki, baş məşqçi optimal heyəti beynində formalaşdırıb. Məşqçilər korpusu da, futbolçular da, biz də anlayırıq ki, Malta və Latviyaya məğlubiyyət olmamalıdır, bunlar qəbuledilməzdir. İnanırıq ki, Millətlər Liqasında başqa cür nəticə olacaq. Millətlər Liqasında da pis çıxış etsək, yaxşı hal olmaz”.
O, yığmamızın Millətlər Liqasındakı şanslarına da toxunub. Hacıyev qrupun favoritinin Slovakiya olduğunu bildirib: “Baş məşqçinin yerli və ya əcnəbi olması müxtəlif vaxtlarda müzakirə olunub. Hazırda müzakirənin hansı müstəvidə olduğunu deyə bilmərəm. Şəxsən mənim mövqeyim belədir ki, Azərbaycanda yüksək standartlara cavab verən məşqçilər var. Amma bu dəqiqə bütün diqqətlər Millətlər Liqasına yönəlib. Baş məşqçimiz Canni de Byazidir və qarşıya qoyulan məqsəd də birinci yeri tutmaqdır. Başa düşürük ki, çətindir. Desək ki, Slovakiyanı udacağıq, bir az şişirdilmiş fikir olar. Qrupdakı ən çətin rəqibin də Slovakiya olduğunu başa düşürük”.