“AVRO-2020-nin təxirə salınması ilə bağlı təcili qərar verəndə, həmişə bunun qadınlar arasında AVRO-2021-ə təsirini nəzərə almışıq”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
Qurum başçısı qadınlar arasında AVRO-2021-in bir il sonraya təxirə salınmasına münasibət bildirib: “Biz bütün variantları diqqətlə nəzərdən keçirmişik. Qadın futbolunun inkişafına sadiqlik bizim fikirlərimiz arasında həmişə öndə olub. Qadınlar arasında Avropa çempionatını bir il sonraya təxirə salanda, əsas qadın turnirinin ilin yeganə böyük futbol yarışı olmasını təmin etmişik. Bununla da ona layiq olduğu diqqəti ayrılmasına imkan vermişik”.
Qeyd edək ki, AVRO-2021-in həlledici mərhələsinin 2022-ci ildə keçirilməsi qərara alınıb. İngiltərədə təşkil olunacaq qarşılaşmalar iki il sonra 6-31 iyul tarixlərində oynanılacaq.