2018-ci il dünya çempionatı çərçivəsində iyulun 15-də keçiriləcək final oyunundakı klub təmsilçiliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fransa – Xorvatiya görüşündə meydana 29 klubun üzvü çıxa bilər.
Belə ki, finalçıların mundiala apardığı heyətlərdə 29 komandanın futbolçusu yer alıb. Söhbət Fransanın “23-lüy”ü və Xorvatiyanın qalan “22-liy”indən gedir. Balkanlılar mundialın gedişində Nikola Kaliniçi düşərgədən kənarlaşdırıb. Bir oyunçu – Milan Badel isə klubsuzdu.
7 klub finalda 3 oyunçu ilə təmsil olunacaq. Bunlar “Real”, “Atletiko”, “Barselona” (hamısı İspaniya), “Yuventus” (İtaliya), “Marsel”, “Monako” və PSJ (Fransa) komandalarıdı.
“Çelsi” (İngiltərə) və “İnter”də (İtaliya) iki finalçı var. Digər 20 komandanın təmsilçi sayı 1-di. Bunlar “Milan” (İtaliya), “Beşiktaş” (Türkiyə), “Bavariya”, “Ayntraxt”, “Hoffenhaym”, “Bayer”, “Ştutqart” (hamısı Almaniya), “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem” (hamısı İngiltərə), “Dinamo”, “Riyeka” (hər ikisi Xorvatiya), “Dinamo” (Ukrayna), “Gent” (Belçika), “Lokomotiv” (Rusiya), “Lion” (Fransa), “Sevilya” (İspaniya), “Zalsburq” (Avstriya) finalda 1 üzvünə azarkeşlik edəcək.
Liqalara gəlincə, finalda 11 çempionat təmsil olunacaq. Fransa və İspaniya 10, İngiltərə və İtaliya 6, Almaniya 5, Xorvatiya 2 futbolçusunu həlledici matçda izləyəcək. Avstriya, Belçika, Rusiya, Ukrayna, Türkiyədə bu rəqəm 1-ə bərabərdi. Daha bir oyunçu isə klubsuzdu.