Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu “Qarabağ”ın futbolçusu Coşqun Diniyev üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Olimpiya” ilə Sloveniyadakı matçda meydana çıxsa, Ağdam klubunda yubiley matçını keçirəcək.
Belə ki, Diniyev “Qarabağ”da 100-cü oyunun astanasındadı. 2015-ci ildə “İnter”dən (indiki “Keşlə”) Ağdam klubuna keçən yarımmüdafiəçi indiyədək 99 qarşılaşmada forma geyinib. Onun hesabında 5 qol var. “99”la vidalaşacaq yarımmüdafiəçi 100-ü səfər matçında fəth etməyə yaxındı.
Coşqun Premyer Liqada 75 oyuna çıxıb və 3 qol sevinci yaşayıb. Azərbaycan kubokunda 14 dəfə “Qarabağ”ın formasını geyinən futbolçu 2 dəfə rəqib qapılarına yol tapıb.
Diniyev avrokuboklarda 10 dəfə indiki klubunun şərəfini qorusa da, qola həsrət qalıb. Bu görüşlərin 7-si Çempionlar Liqası, 3-ü Avropa Liqasına təsadüf edib.