[b]Elxan Məmmədov: Layihələrdən süni faydalanmaq cəhdləri ilə qarşılaşdıq - MÜSAHİBƏ[/b]
18.07.2018 - 14:09
[b]Elxan Məmmədov: Layihələrdən süni faydalanmaq cəhdləri ilə qarşılaşdıq - MÜSAHİBƏ[/b]

AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Klublarımızın avrokuboklardakı çıxışına münasibətiniz necədi? İlk oyunların nəticələri ürəyinizcə oldumu?

- Əlbəttə, birinci mərhələdə təmsilçilərimizin hamısından qələbə gözləyirdik. Ancaq ilk oyunlarda məyusedici nəticələr də qeydə alındı. Cavab qarşılaşmalarını səbirsizliklə gözləyirik və komandalarımızın növbəti mərhələyə vəsiqə qazanacaqlarına ümid edirik.

 

- “Qarabağ” və “Neftçi” növbəti mərhələnin öhdəsindən böyük ölçüdə gəlib. Bəs “Qəbələ” və “Keşlə”nin şansını necə dəyərləndirirsiniz?

- Hər iki komandanın şansı var. Düzdü, fərqli hesabla məğlub oldular, ancaq son illər futbolda qeydə alınan nəticələrin statistikasına baxsaq, cavab oyunlarında geridönüş edə, sərfəli nəticə qazana bilərlər.

 

-  “Keşlə” cavab oyunu öncəsi baş məşqçisi ilə yollarını ayırdı. Doğrudu, bu, klubdaxili məsələdi. Ancaq avrokubokdakı çıxış zamanı belə bir dəyişiklik nəinki kluba, hətta Azərbaycan futboluna ən azı reytinq baxımından mənfi təsir göstərə bilər. Bununla bağlı rəhbərliklə hansısa söhbətiniz olacaqmı?

- “Keşlə” klubunun Müşahidə Şurası, rəhbərliyi var və bütün qərarlarla bağlı onlar məsuliyyət daşıyırlar. Əlbəttə, vəziyyət kritik həddə çatarsa, AFFA ictimai qurum olaraq onlara öz tövsiyələrini verə bilər. Hazırda gündəlikdə belə məsələ yoxdu. Baş məşqçinin istefa verməsi və ya işdən çıxarılması klubun daxili işidi. Müşahidə Şurası müvafiq qərar qəbul edibsə, biz buna hörmətlə yanaşmalıyıq.

 

- Klublarımızın hər transfer dönəmində heyətdə köklü dəyişiklik etmələri ənənə halını alıb. Sizin buna münasibətiniz necədi? Ümumiyyətlə, stabilliyi qorumağın yolları nələrdi?

- Qış transfer dövrü əsasən heyəti gücləndirməyə, lazım olmayan futbolçuları komandadan uzaqlaşdırmağa, özünü yaxşı tərəfdən göstərmiş hansısa oyunçunu satışa çıxarmaq baxımından əhəmiyyətlidi. Yayda isə komanda qarşısına yeni məqsədlər qoyur. Təbii ki, iddiası artan klub heyətini daha yaxşı futbolçularla gücləndirməyə çalışır. Əksinə, klubun büdcəsi azalırsa, yüksək ödənişi futbolçularla müqavilələr uzadılmır, münasib oyunçular cəlb edilir. Hazırda dəyişikliklər olur, ancaq yaxşı olardı ki, klublarımız yeni mövsümlə bağlı məqsədini konkret şəkildə azarkeşlərinə, ictimaiyyətə bildirsin. O zaman edilən hər bir transferin məqsədi həm klubların azarkeşlərinə, həm də futbol ictimaiyyətinə aydın olacaq. Mən bunun tərəfdarıyam.

 

- “GünayBank”dan 100 milyon manata yaxın vəsaiti mənimsəməkdə günahlandırılan “Xəzər” klubunun sabiq rəhbəri Emin Zeynalov saxlanılıb. Halbuki bu komandanı Premyer Liqaya buraxılmadığı üçü AFFA çox tənqid olundu. Bu proseslərdən xəbərdar olduğunuz üçün “Xəzər”ə lisenziya vermirdiniz?

- Bunu müzakirə etməyə ehtiyac duymuruq. Sadəcə, vurğulamaq istədiyim məsələ budu ki, AFFA-nın Lisenziyalaşdırma qrupu fəaliyyətinin şəffaf olmasına, intizam qaydalarına riayət etməyə, lisenziyalaşdırma ilə bağlı bütün tələbələrə əməl etməyə çalışır. Yekunda biz də bu tələblərə, şərtlərə uyğun qərarlar qəbul edir və ictimaiyyətə məlumat veririk. AFFA rəhbərliyinin təsdiq etdiyi Lisenziyalaşdırma qaydaları sübut etdi ki, faydalı, düzgün, futbolun, klubların inkişafına və sabitliyinə yönəldilən qərarlardı.

 

- Dünya çempionatını izləmək üçün Rusiyaya getmişdiniz. Təəssüratlarınız necədi?

- Açılış və final, eləcə də qrup mərhələsinin bir neçə oyununu izləmişəm. Təşkilatçılıq baxımından işlər yüksək səviyyədə görülmüşdü. Bu münasibətlə həm Rusiya Futbol İttifaqından olan, həm də FİFA-da çalışan həmkarlarımızı təbrik edirəm. Könüllülüklə bağlı fəaliyyəti, könüllülük hərəkatını da xüsusi vurğulamaq istərdim; işlər çox peşəkar səviyyədə qurulmuşdu.

 

- Dünya çempionatında qeydə alınan nəticələr çoxları üçün gözlənilməz oldu. Yaxşı və pis mənada sizi hansı komandalar təəccübləndirdi və Fransa çempionluğa layiq idimi?

- Bəli, çempionatda sensasiya hesab edəcəyimiz nəticələr qeydə alındı. Çoxları İspaniya millisinin yarımfinala qədər irəliləyəcəyini gözləyirdi. Ötən dünya çempionatının qalibi olan Almaniya yığması isə mübarizəni qrupda dayandırmalı oldu. Maraqlı oyunlar, nəticələr qeydə alındı. Keçirdiyi matçlardakı nəticələri nəzərə alsaq, təbii ki, Fransa millisi layiqli çempion oldu. Bu münasibətlə AFFA prezidenti Rövnəq Abdullayev artıq həm fransalı, həm də xorvatiyalı həmkarını təbrik edib. İkinci pilləni tutmaq Xorvatiya yığması üçün böyük uğurdu. Bir sözlə, maraqlı oyunların və nəticələrin şahidi olduq.

 

- Ölkəmizdə Avropa Liqasının final matçı və Avropa çempionatının final mərhələsinin 4 oyunu keçiriləcək. Rusiyanın mundialdakı təşkilatçılığını bəyəndiyinizi qeyd etdiniz. Bu yöndə hansısa nümunələr götürüldümü?

- Avropa Liqasının final qarşılaşmasının və Avropa çempionatının oyunlarının hazırlığına başlamışıq. Cənab Prezident tərəfindən təsdiqlənmiş Təşkilat Komitəsi fəaliyyətə başlayıb. Bir neçə həftə əvvəl bununla bağlı iclasımız olub. Eyni zamanda, təcrübə qazanmaq məqsədilə AFFA Yerli Təşkilat Komitəsinin, eləcə də dövlət qurumlarının müvafiq əməkdaşlarının dünya çempionatına səfərini təşkil etdi. Sözsüz ki, müəyyən təcrübə əldə olundu.

 

- AFFA-nın qarşıdakı illərdə başqa bir böyük layihəyə qol qoymaq planı varmı?

- Məqsədimiz Avropa Liqasının finalını yüksək səviyyədə təşkil etmək, şəhərimizdə futbol festivalı yaratmaqdı. Təbii ki, bu sözləri Avropa çempionatının Bakıda keçiriləcək 4 oyununa da şamil edirəm. Hazırda əsas planlarımız bunlarla bağlıdı.

 

- Media Komitəsinin aqibəti necə oldu? Səhv etmirəmsə, apreldə görüş keçirilməli idi, lakin həmin vaxtdan bəri səs-soraq çıxmır. AFFA bunu uğursuz layihə kimi qəbul edərək fəaliyyətini dayandırıb?

- Media Komitəsi yaxşı layihə idi. Xüsusilə də, qurumun fəaliyyətinin birinci ilini vurğulamaq istədim. AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bu layihəyə start verildi və stimullaşdırıcı konsepsiyamız var idi. MK-nın fəaliyyətinin birinci ilində buna nail olduq. Amma növbəti ildə bəzi çatışmazlıqlar ortaya çıxdı, müəyyən qədər layihələrdən süni şəkildə faydalanmaq cəhdləri ilə qarşılaşdıq. Lakin faydasını gördüyümüz layihələr də oldu. İki illik fəaliyyətin nəticəsi İcraiyyə Komitəsində müzakirəyə çıxarıldı və qərara alındı ki, komitə ilə bağlı yeni konsepsiya hazırlansın. Hazırda bu konsepsiya ilə bağlı düşünürük, fərdi şəkildə media nümayəndələri ilə görüşlər keçirir, fikirlərini dinləyirik. Böyük ehtimalla, İcraiyyə Komitəsinin növbəti iclasına yeni təkliflərimiz təqdim ediləcək.

 

- AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və müzakirə olunacaq məsələlər bəllidimi?

- Yaxın vaxtlarda İcraiyyə Komitəsinin iclası keçiriləcək. Əsasən I divizionla bağlı məsələ müzakirə ediləcək. Birinci divizionla bağlı yeni konsepsiya hazırlanıb və komitəyə təqdim ediləcək.