[b]Forma dərdi çəkənlər[/b]
31.07.2018 - 15:58
[b]Forma dərdi çəkənlər[/b]

Topaz Premyer Liqasında 2018/19 mövsümünə 2 həftədən də az vaxt qaldığından, klublar heyətlərini böyük ölçüdə formalaşdırıb. Ötən mövsüm yüksək liqada top qovmuş bir çox futbolçu isə hələ də özünə komanda axtarmaqla məşğuldu.

 

Onlar arasında milli üzvləri Elvin Yunuszadə, Arif Daşdəmirov və Araz Abdullayev də var. Nə vaxt dindirirsən, Azərbaycanı bir kənara qoyub, Rusiya, Türkiyədən gələn təklifləri sadalamaqla məşğuldular. Ancaq sonda ya autsayderlərdən birinə, ya I divizion komandasına keçir, ya da 6 ay evdə oturub, növbəti “transfer pəncərəsi”nə ümid edirlər.

 

Qonşu Türkiyədə Peşəkar Futbolçular Dərnəyi fəaliyyət göstərir ki, burda “transfer pəncərəsi” zamanı özünə klub tapa bilməyən futbolçular üçün təlim-məşq toplanışı keçirilir. Ötənlərin tanınmış futbolçularının rəhbərlik etdiyi dərnək klubsuz qalan oyunçulara məşqlərlə yanaşı, yoxlama görüşləri də təşkil edir. Bir sözlə, Türkiyədə oyunçular hansısa kluba avqustda transfer olunsa belə, ora tam hazır gedir.

 

Bizdə də belə bir qurum yaratmaq olmazmı? Axı təsir gücü sıfıra bərabər olan Klublar Komitəsi, Məşqçilər Komitəsi indiyə qədər Azərbaycan futboluna ciddi nə verib? “Qalatasaray”ın əfsanəvi heyətinin üzvü Hakan Ünsal hazırda Türkiyə Peşəkar Futbolçular Dərnəyinin İdarə heyətinin rəhbəridi. Azərbaycanın ən tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov və Ağasəlim Mircavadov isə Məşqçilər Komitəsində gün keçirməklə məşğuldular. Halbuki onların məşqçi biliyindən yararlanmaq futbolumuza daha çox xeyir verər.

 

Türkiyədəki təcrübədən faydalanıb, bunu Məşqçilər Komitəsinə tapşırmaq heç də pis olmaz. Hər halda Vaqif Sadıqovun, Ağasəlim Mircavadovun keçdiyi məşqlər, verdiyi tapşırıqlar hazırda klublara rəhbərlik edən məşqçilərdən heç də zəif olmaz. Çünki indiki mütəxəssislərin əksəriyyəti elə Sadıqovun, Mircavadovun “süzgəcindən” keçənlərdi.

 

Əsas maraq doğuran məqam futbolçuların belə bir qurumun yaradılmasına münasibətləridi. Görəsən, Yunanıstanda, Kiprdə legioner həyatı yaşamış Araz Abdullayev, Çempionlar Liqasının qrupunda oynamış Elvin Yunuszadə bunu özünə təhqir saymazmı? İstirahətlərini yarıda qoyub, klubsuz futbolçuların toplanışına qatılarlarmı?

 

Ancaq futbolçuların nə düşünməsindən asılı olmayaraq, fikrimcə, belə bir quruma ehtiyac var. Bu halda Qurban Qurbanov formadan düşməməsi üçün Araz Abdullayevi “Qarabağ”ın məşqinə çağırmaq məcburiyyətində qalmaz. Millətlər Liqası turniri öncəsi yığma üzvlərinin vəziyyətlərinə görə narahatlıq keçirməz.

 

Peşəkar Futbolçular Dərnəyi Azərbaycanda fəaliyyət göstərsəydi, müəyyən Premyer Liqa təcrübəsi olan və hazırda klubsuz qalan aşağıdakı 26 futbolçu  - Elvin Yunuszadə, Arif Daşdəmirov, Araz Abdullayev, Rəşad Sadiqov, Aleksandr Şemonayev, Elnur Abdullayev, Qara Qarayev, Murad Ağayev, Nurlan Novruzov, Raul Yaqubzadə, Vüqar Nadirov, Ruslan Əmircanov, Orxan Əliyev, Əziz Quliyev, Məhəmməd Qurbanov, Elşad Manafov, Eltun Hüseynov, İlqar Ələkbərov, Tural Rzayev, Tural Cəlilov, İlkin Sadıqov, Davud Kərimi, Samir Zərgərov, Tural Nərimanov, Murad Səttarlı və Ceyhun Cavadov formadan düşməklə bağlı dərd çəkməzdi.

 

Ruslan SADIQOV