Əfsanəvi italyan: “Mançester Siti” 8 qol vura bilərdi”
27.04.2022 - 18:38
Əfsanəvi italyan: “Mançester Siti” 8 qol vura bilərdi”

“Kərim Benzema və Luka Modriç nadir futbolçulardandır. Səhv edəndə həmişə səni cəzalandırırlar”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın əfsanəvi futbolçusu Alessandro Del Pyero Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə “Real” arasında keçirilən oyun barədə danışarkən deyib.

“Yuventus”un sabiq hücumçusu İngiltərə klubunun 4:3 hesabı ilə qalib gəldiyi matçı dəyərləndirib. Onun fikrincə, “şəhərlilər” daha böyük fərqli qalib gələ bilərdi: “Mançester Siti” 4 yox, 8 qol vura bilərdi. Detallar çox vaxt önəmlidir. Digər tərəfdən, “Real”ın çempionlarla zəngin heyəti var. Benzemanın nə etdiyini hamı gördü. “Real” 0:2 geridə olarkən topu gözəl toxunuşla qapıdan keçirdi. Bu, “Real”ın hələ də oyunda olduğuna işarə idi”.

Del Pyeronun fikrincə, “kral klubu”nun ən böyük üstünlüyü ulduz futbolçulara sahib olmasıdır: “Real” bir az şanslı komandadır. Ancaq bəzi şeylər təsadüfən olmur. Benzema, Modriç, Kroos kimi oyunçular çətin anlarda sakit qalmağı bacarırlar”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 4-də Madriddə keçiriləcək.