“Yaxşı oyun oldu. Rəqib də güclü idi”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ehtiram Şahverdiyev deyib.
Bu gün Qazaxıstanla yoxlama görüşü keçirən yığmamız qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Matçı dəyərləndirən 22 yaşlı yarımmüdafiəçi bildirib ki, növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacaqlar: “Həm texniki cəhətdən yaxşı oynayırdılar, həm də pressinq tətbiq edirdilər. Biz də çalışırdıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirək, düzgün oynayaq. Düzdü, yoldaşlıq oyununda nəticədən daha çox oyun vacib idi. Amma qələbə qazanmaq istəyirdik. Bununla belə, heç-heçə də pis nəticə deyil. Komanda olaraq, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Ancaq gələcəkdə səhvlərimizi düzəldib daha da yaxşı oynayacağımıza inanıram”.
AFFA-nın rəsmi saytına danışan digər yarımmüdafiəçimiz Qismət Alıyev isə pis oynamadıqlarını deyib: “Təlim-məşq toplanışı yeni başlamışdı. Yaxşı hazırlaşmışdıq və məşqçinin dediklərini etməyə çalışırdıq. Pis oynamadığımızı düşünürəm. Qələbə də qazana bilərdik, sona yaxın qol buraxdıq. Amma hər iki komanda üçün yaxşı oyun oldu. Qarşıda hələ bir oyunumuz da var. Macarıstan yığması ilə qarşılaşmaya daha da səylə hazırlaşaraq yaxşı nəticə qazanmaq istəyirik”.