Kanada millisi dünya çempionatları tarixində ilk dəfə xal qazanıb.
Apasport.az xəbər verir ki, Şimali Amerika təmsilçisi buna DÇ-2026-nın qrup mərhələsində nail olub.
Bosniya və Herseqovina ilə heç-heçə edən Kanada mundial tarixində 7-ci oyununda ilk xalını aktivinə yazdırıb.
Kanada daha əvvəl dünya çempionatlarında keçirdiyi 6 oyunun hamısında məğlub olmuşdu.
Komanda ilk dəfə 1986-cı ildə Meksikada keçirilən mundialda iştirak edib. Həmin turnirdə Kanada Fransa, Macarıstan və SSRİ yığmalarına uduzub.
Kanadalılar mundiala 36 illik fasilədən sonra 2022-ci ildə qayıdıblar. Qətərdə keçirilən dünya çempionatında Belçika, Xorvatiya və Mərakeşlə eyni qrupda yer alan komanda yenə xal qazana bilməyib.
Kanadanın dünya çempionatlarındakı nəticələri:
DÇ-1986 Fransa – Kanada 1:0
Macarıstan – Kanada 2:0
SSRİ – Kanada 2:0
DÇ-2022 Belçika – Kanada 1:0
Xorvatiya – Kanada 4:1
Kanada – Mərakeş 1:2
DÇ-2026 Kanada – Bosniya və Herseqovina 1:1
Qeyd edək ki, Kanada yığması dünya çempionatları tarixində keçirdiyi 7 oyunda 1 heç-heçə edib, 6 dəfə məğlub olub. Komanda hələlik mundiallarda qələbə qazanmayıb.