[b]Klublarımız mübarizəyə başlayır: İkisi evdə, biri səfərdə[/b]
11.07.2018 - 11:29
[b]Klublarımız mübarizəyə başlayır: İkisi evdə, biri səfərdə[/b]

Avropa Liqasında çıxış edəcək Azərbaycan klubları sabah mübarizəyə qoşulacaq. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirindəki hər üç təmsilçimiz yarışa I təsnifat mərhələsindən başlayacaq.

 

Komandalarımızdan ikisi evdə, biri səfərdə meydana çıxacaq. Öncə diqqətlər Qəbələyə yönələcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı olan “Qəbələ” öz meydanında “Proqres”lə qarşılaşacaq.

 

“Qırmızı-qaralar” bu matçın favoriti hesab olunur. Görüş komandanın baş məşqçisi Sənan Qurbanovun təyinatından sonra ilk rəsmi matçı kimi əlamətdardı. Moldovalı hakimlərin idarə edəcəyi matç saat 20:00-da başlayacaq.

 

“Keşlə”də eyni saatda meydana çıxacaq. Lakin Yuri Maksimovun yetirmələri səfərdə oynayacaq. Paytaxt klubu Maltada “Baltsan”la üz-üzə gələcək.

 

Bolqarıstanlı hakimlərin idarə edəcəyi matç “Keşlə”nin indi adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönməlidi. Ta Qalidəki oyun həm də baş məşqçi Yuri Maksimovun paytaxt klubu ilə ilk avrokubok sınağıdı. Qışda bu vəzifəyə təyin olunan ukraynalı bunadək yalnız daxili yarışlarda iş başında olub.

 

Bakıda keçiriləcək yeganə oyunda “Neftçi” “Uypeşt”i sınağa çəkəcək. Rəqiblərini “Dalğa Arena”da qəbul etməli olan “ağ-qaralar” səfər öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq.

 

Macarıstan təmsilçisi ilə görüş “Neftçi”də baş məşqçi debütü ilə yadda qalacaq. Bu matç Roberto Bordinin bu postda “siftə”si olacaq. Hollandiyalı hakimlərin idarə edəcəyi qarşılaşma saat 21:00-da başlayacaq.

 

 

 Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

12 iyul

 

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq)

Hakimlər: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qəbələ şəhər stadionu

20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan)

Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)
Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya)
UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq)

Ta Qali. "Sentenari" stadion

 

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan)

Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

“Dalğa Arena”