İki gündən sonra Azərbaycan futbolu üçün 2018/19 mövsümü start götürəcək. Apasport.az saytının məlumatına görə, ənənəyə uyğun olaraq mövsüm yenə avrokuboklarla başlayacaq.
Təmsilçilərimizin iştirakı ilə ilk görüş iyulun 11-də baş tutacaq. Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” Sloveniyada “Olimpiya” ilə görüşəcək.
Avrokuboklar tarixində 8-ci dəfə təmsilçimiz iyulun 11-də meydana çıxacaq. Əvvəlki 7 matçda 4 qələbə qazanan komandalarımız 3 dəfə uduzub.
Heç-heçəsiz gündə yalnız qalib komanda qol sevinci yaşayıb. Yəni rəqib qapısına yol tapan quru hesablı qələbə əldə edib.
“Qarabağ” 4-cü dəfə bu tarixdə meydana çıxacaq. 19 il öncə Fransada “Monpelye” qarşısında darmadağınla üzləşən Ağdam klubu 6 cavabsız qola məyus olmuşdu.
Sonrakı iki oyun isə “Qarabağ” üçün uğurlu alınıb. Təmsilçimiz 2013-cü ildə Makedoniya “Metallurq”unu, ötən yay isə Gürcüstan “Samtredia”sını məğlub edib.
5 il öncəki matçın taleyini 1 qol həll edib. Samtredianın eyniadlı komandası isə Bakıdan darmadağınla yola salınıb. Ağdamlılar bu rəqibin qapısından 5 cavabsız qol keçirib.
Azərbaycan klublarının iyulun 11-də keçirdiyi avrokubok matçları
1999/2000
11 iyul. “Monpelye” (Fransa) - “Qarabağ” - 6:0
2001/02
11 iyul. “Barri Taun” (Uels) – “Şəmkir” - 2:0
2006/07
11 iyul. “Sioni” (Gürcüstan) – “Bakı” - 2:0
2013/14
11 iyul. “Xəzər Lənkəran” – “Slima” (Malta) - 1:0
11 iyul. “Qarabağ” – “Metallurq” (Skopye, Makedoniya) - 1:0
11 iyul. “Mariehamn” (Finlandiya) – “İnter” - 0:2
2017/18
11 iyul. “Qarabağ” – “Samtredia” (Gürcüstan) – 5:0