[b]“Kukesi”dən sürpriz gözləyir: Məqsədlərə pillə-pillə çatıblar[/b]
01.08.2018 - 10:47
[b]“Kukesi”dən sürpriz gözləyir: Məqsədlərə pillə-pillə çatıblar[/b]

“Qarabağ” çox güclüdü. Hər kəs onların yaxşı büdcəyə və keyfiyyətli futbolçulara sahib olduğunu bilir”. Apasport.az saytının məlumatına görə, bunu “Kukesi”nin sabiq baş məşqçisi Ernest Qyoka deyib.

 

Hazırda “Vlajniya”nı çalışdıran Qyoka 2016/17 mövsümündə “Kukesi”yə tarixinin ilk çempionluğunu qazandırıb. 48 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində sabiq klubunun Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

 

“Kukesi”ni yaxşı tanıyıram. Ölkə çempionu olmuş komandadı. Onların mentalitetini, klub prezidentinin nə istədiyini bilirəm. Ən böyük xəyalları Çempionlar Liqası və ya Avropa Liqasının qrupunda oynamaqdı. Digər məqsədlərə pillə-pillə çatıblar. “Valletta” ilə ilk matçda çox da yaxşı təsir bağışlamadılar. Ancaq baş məşqçi Armando Kunqu bir neçə gün ərzində fərqli zehniyyət formalaşdırdı və xeyrini gördü” – deyə, Qyoka bildirib.

 

O, Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın şanslarını da dəyərləndirib: “Kukesi” “Qarabağ”la ilk görüşü yaxşı keçirdi. Rəqibin sürətini azaltdı, müdafiə olunmasına baxmayaraq, əks-hücumdan qol vurmağa çalışdı. Bakıdakı oyun isə fərqlidi. Necə olacağını təxmin etmək çətindi. Amma “Kukesi”ni ağır mübarizə gözləyir. Komandaya inamım böyükdü. Çünki futbol sürprizlərlə doludu. Təbii ki, “Kukesi”nin mərhələni adlamasını istəyirəm. Psixoloji hazırlıqdan çox şey asılı olacaq. “Qarabağ”ı ilk görüşdə gördük. Təmsilçimiz rəqibə az yer vermək fəlsəfəsi ilə oynadı. Bunu hansısa əcnəbi mütəxəssis bacara bilməzdi. Kunqu böyük iş gördü. Niyə də növbəti bərabərliklə mərhələ adlamasınlar? İndiyə qədər çox iş görüblər”.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşması 21:00-da start götürəcək. Komandalar arasında baş tutan ilk oyun qolsuz bərabərliklə nəticələnib.