Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq “Kukesi”nin təxmini start heyəti müəyyənləşib. Apasport.az-ın panorama.com.al saytına istinadən məlumatına görə, baş məşqçi Armando Kunqu Albaniyadakı heyətə güvənəcək.
Çalışdırıcı bu dəfə də 5-4-1 taktikasına üstünlük verəcək. İlk görüşdə məqsədi qolsuz bərabərlik olan “Kukesi” istəyinə çatmışdı. Yenə 3 mərkəz, 2 cinah müdafiəçisi qapının toxunulmazlığına cavabdeh olacaq. Eyni zamanda, əsl mövqeyi müdafiə olan Villiam Kordeyro Melo Bakıda da yarımmüdafiəçi kimi çıxış edəcək. Dayaq yarımmüdafiəçiləri İrakli Zaria və Besar Musolli isə müdafiəçilərə kömək edəcəklər.
Kunqu ilk qarşılaşmadan fərqli, bu dəfə əks-hücumlar da tələb edəcək. Əgər komanda topa sahib olduğu anlarda hücuma keçmək barədə düşünsə, o zaman taktiki düzülüş 3-4-3-ə çevriləcək.
Yalnız hücumda kimin yer alacağı məlum deyil. Şkoderdə ön xətdə çıxış edən Sebino Plaku bu dəfə ehtiyatda qala bilər. Bu isə yeni transfer Reginaldonun hazırlıq durumundan asılı olacaq. Kunqu bu iki oyunçu arasında seçim etməli olacaq.
Həmkarlarımız çalışdırıcının penaltilər seriyasını da nəzərə aldığını və yetirmələrini buna hazırlaşdırdığını qeyd ediblər.
“Kukesi”nin təxmini “11-“liy”i: Stivi Fraşeri - İlli Şameti, Albi Alla, Harallamb Qaqi, Edis Malikyi, Şimo Rumbullaku - İrakli Zaria, Besar Musolli, Villiam Kordeyro Melo, Arbyor Çirbya - Sebino Plaku (Reginaldo).
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” görüşü 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə nəticələnib.