“Liverpul”la yeni müqavilə imzalayan Məhəmməd Salahın həftəlik məvacibi də 100 mindən 200 min funt-sterlinqə yüksəldilib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu bununla “Liverpul” tarixində ən çox maaş alan futbolçuya çevrilib.
5 illik sözləşməyə qol çəkən 26 yaşlı vinger Premyer Liqada ən yüksək ödənişlilərin siyahısında 8-ci pilləyə qalxıb. O, David De Xea (“Mançester Yunayted”) və Eden Azarla (“Çelsi”) eyni məbləğdə maaş qazanır.
Hazırda Premyer Liqada ən çox məvacib alan oyunçu “Mançester Yunayted”in hücumçusu Aleksis Sançesdi (350 min funt-sterlinq). Həmçinin Harri Keyn (“Tottenhem” – 300 min), Məsut Özil (“Arsenal” – 300 min), Pol Poqba (“Mançester Yunayted” – 290 min), Kevin De Bruyne (“Mançester Siti” – 280 min), Romelu Lukaku (“Mançester Yunayted” – 250 min) və Serxio Aquero (“Mançester Siti” – 220 min) da Salahı qabaqlayır.
Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm “Liverpul”un heyətində 44 qola imza atıb.