Milli komandamızın müdafiəçisi Maksim Medvedev Qazaxıstanla yoldaşlıq oyunundan əvvəl bu ölkənin mətbuatına müsahibə verib. Apasport.az saytı həmin müsahibəni təqdim edir.
- Maksim, bütün futbolçu karyeranı “Qarabağ”da keçirmisən və 10 ildir ki, Qurban Qurbanovun rəhbərliyi altında çıxış edirsən. Bu məşqçinin fəlsəfəsi nədir? Meydanda sizdən nə tələb edir?
- Qurban Qurbanovun özünəməxsus fəlsəfəsi var. O, meydanda nizam-intizama çox önəm verir. Topla oynamağı və kombinasiyalı hücum qurmağı sevir.
- Səncə, sizin federasiya niyə məhz sparrinq rəqib kimi Qazaxıstanı seçib?
- Qazaxıstan əla komandadı. Baxımlı oyun göstərməyi sevir, yaxşı müdafiə olunur və hücumda da çox effektivdi. Hətta bizim bəzi oxşar tərəflərimiz də var.
- Siz özünüz Qazaxıstan millisinin gücünü necə dəyərləndirirsiniz?
- Qazaxıstan millisi yüksək səviyyədə oynamağa qadirdi. Aydın məsələdi ki, yoldaşlıq oyunlarında komandalar bütün gücünü göstərmirlər. Dəqiq fikir bildirmək üçün Millətlər Liqasındakı oyunları gözləmək lazımdı.
- Bizim millimizin heyətində hansısa oyunçunu tanıyırsızmı? Kimi fərqləndirə bilərsiniz?
- Şəxsən heç kimi tanımıram, ancaq son oyundan bəzi futbolçuları xatırlayıram. Sizin komanda kollektiv futbol oynadığı üçün kimisə fərqləndirmək mümkün olmur.
- Qazaxıstana qarşı iki dəfə oynamaq imkanınız olub. Komandamızın hansı güclü və zəif cəhətlərini qeyd edə bilərsiniz?
- Komanda müdafiədən hücuma çox yaxşı çıxır, matç ərzində aqressiv oynayır. Amma Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdu. Oyunda biləcəyik ki, son zamanlar komanda necə dəyişib.
- Demək olarmı ki, Qazaxıstan və Azərbaycan eynigüclü komandalardı?
- Düşünürəm ki, bəli. Komandaları gücünə görə müqayisə edə bilərik, əsas fərq məşqçi fəlsəfəsindədi.
- Azərbaycan millisi üçün bu oyunda qələbə nə dərəcədə vacibdi?
- Hər komanda bütün oyunlarda qələbə qazanmaq istəyir. Eləcə də biz. Yoldaşlıq və ya rəsmi oyun olmasından asılı olmayaraq, qələbə kollektivdə ruh yüksəkliyi yaradır.
- Qazaxıstanın Millətlər Liqasındakı şanslarını necə dəyərləndirirsiniz?
- Bizim kimi sizin komandanızın da qabağa getmək şansları var. Hər iki komanda qrupdan çıxa bilər. Əsas məsələ rəqiblərə hörmətlə yanaşmaq və öz oyununu oynamaqdır.