Avropa Liqasında mübarizəni erkən dayandıran “Keşlə” aparıcı futbolçusu Sezar Meza Kolli ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, italiyalı futbolçu karyerasını Rumıniyada davam etdirəcək.
Belə ki, o, “Universitatya” klubu ilə hərtərəfli razılıq əldə edib. “Keşlə”nin icraçı direktoru Rəmiş Malıyev də əməkdaşımızla söhbətində yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyacaqlarını təsdiqləyib: “Bəli, Sezarı artıq getmiş saymaq olar. Özü ayrılmaq istəyini bizə çatdırdı. Rəhbərlik də getmək istəyəni burda zorla saxlamaq fikrində deyil. Yəni futbolçu artıq yeni klubuna keçmək üzrədi”.
Maraqlıdı ki, Sezar bu yay “Keşlə” ilə yeni müqavilə imzalamışdı. Belə bir vəziyyətdə bakılılar Paraqvay əsilli pleymeykerin gedişindən qazanc əldə etmək imkanına malikdilər. Lakin Malıyev “keçidin detalları barədə məlumat vermək istəmirəm” deyərək, bu məsələni gizli saxlamağı üstün tutub.
Qeyd edək ki, “Keşlə” mövsümlərarası fasilədə buna qədər Məqsəd İsayev, Pablo Podio, Nemanya Stoyanoviç və Pərdis Fərcad-Azadla yollarını ayırmışdı.