[b]Millimizin müdafiəçisi müzakirə mövzusu oldu[/b]
09.07.2018 - 10:20
[b]Millimizin müdafiəçisi müzakirə mövzusu oldu[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi İsmail Karakaş Türkiyədə müzakirə mövzusuna çevrilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Trabzonspor”un baş məşqçisi Ünal Karamanın gənc oyunçunu təlim-məşq toplanışına aparmaması narazılıqla qarşılanıb.

 

Sloveniyada toplanışda olan “bordo-mavililər”in heyətində cəmi 2 mərkəz müdafiəçisi qalıb ki, bunlar da Hüseyin Türkmən və Mustafa Akbaşdı. Bu isə yoxlama görüşləri öncəsi Karamanı ciddi şəkildə narahat edir. Çalışdırıcı ikitərəfli oyunlar zamanı cinah müdafiəçilərini məcburiyyətdən mərkəzdə oynadır.

 

Belə bir vəziyyətdə klubun U-19 və U-21 komandalarının kapitanı olan İsmail Karakaşa dəvət göndərilməməsi baş məşqçini tənqid obyektinə çevirib. Kluba yaxın media nümayəndələri 19 yaşlı istedadlı futbolçunun bu üzdən klubu tərk etməsindən narahatdılar.

 

Qeyd edək ki, Azərbaycanın U-17 yığmasında 11 oyun keçirmiş İsmail Karakaş hazırda U-19 millimizin üzvüdü.