İspaniyada futbolçu və məşqçilərinə ən çox maaş ödəyən klubların sıralaması açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya 468,5 milyon avroluq maaş büdcəsi ilə “Real” başçılıq edir.
İkinci yerdə ölkənin digər nəhəng klubu “Barselona” qərarlaşıb. Kataloniya klubu il ərzində 382,7 milyon avro əməkhaqqı ödəyir. Üçüncü sıradakı “Atletiko”da bu məbləğ 252,7 milyondur. “Sevilya” ilə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” növbəti yerlərdə qərar tutublar. Əndəlüslər illik maaş üçün 185,8 milyon, “Vilyarreal” isə 145,2 milyon avro xərcləyir.
Maraqlıdır ki, ötən illə müqayisədə La Liqa klublarının ümumi maaş ödəmələrində 604 milyon avroluq azalma müşahidə olunub. 20 klubun il ərzində büdcəsindən çıxan ümumi əməkhaqqı məbləği 2 milyard 333 milyon avroya bərabərdir.
Məvacibdə ən çox endirimə gedən klub “Barselona”dır. Kataloniya klubunda ötən illə müqayisədə ümumi maaşda 273,7 milyon avro azalma olub.