“Neftçi”nin baş məşqçisi postuna əsas namizədlərdən olan Marius Şumuditsa qərarını verməyə tələsmir. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, Azərbaycan klubu 47 yaşlı mütəxəssis üçün B variantıdı.
Məsələ burasındadı ki, Şumuditsa hazırda eyni zamanda yerli ÇFR klubu ilə də danışıq aparır. Onun əsas məqsədi Kluj təmsilçisinin “sükanı arxası”na keçməkdi. Məhz bu səbəbdən Şumuditsa “Neftçi”ni bir qədər gözlətməyi məqsədəuyğun bilir.
ÇFR-in yeni çalışdırıcının adını bu həftə ərzində açıqlaması gözlənilir. Rumıniya klubuna hazırda 3 real namizəd var ki, Şumuditsa da onlardan biridi. Lakin onun bu kluba təyin olunmaq şansı yüksək qiymətləndirilmir. Çünki rumınlar “Astra”nın sabiq çalışdırıcısı Edi Yordanesku ilə anlaşmaqda daha çox maraqlıdılar. Əgər bu keçid baş tutsa, ÇFR-dən əli üzüləcək Şumuditsanın “Neftçi”yə müsbət cavab verməsi real görünür.
Qeyd edək ki, Marius Şumuditsanın son klubu “Kayserispor” olub. O, Türkiyə klubundan ötən ay ayrılıb.