Əslən azərbaycanlı olan veteran futbolçu Yaşar Əliyev sports.kz saytına geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, futbolçu və məşqçi karyerası Qazaxıstanla bağlı olan 66 yaşlı mütəxəssis bu gün keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bildirib.
- Maraqlı vəziyyət yaranıb: əslən azərbaycanlısınız, Türkmənistanda anadan olmusunuz, karyeranız isə tamamilə Qazaxıstanla bağlıdı. Azərbaycanda oynamaq şansınız olmayıb?
- Xeyr. Azərbaycanda oynamaq variantım olmayıb. Ordunun Aşqabada dönməsindən sonra belə bir imkan yarana bilərdi. Ordudan qayıtdıqdan sonra evə getdim və Pavlodar “Traktor”undan təklif aldım. Mənə dedilər ki, Aşqabadda gücünü sınaya bilərsən. Lakin birinci liqada onların Sergey Pokatilov və Viktor Kuroçkin kimi güclü qapıçıları var idi. Buna görə də, Vladimir Kotlyarov evdə təcrübə qazanmaq və üçüncü və ya dördüncü qapıçı olmamaq üçün məni dəvət etdi. Bir dəfə “Neftçi”dən təklif almışdım, lakin özüm imtina etdim. Çünki artıq 30 yaşım var idi və həmin vaxtdan sonra getmək mənasız olardı. Düzünü deyəcəm, Azərbaycana ilk dəfə Arno Paypersin dövründə Qazaxıstan yığmasında çalışdığım zaman səfər etmişdim. Onda da səfər matçına yollanmışdıq.
- Azərbaycan futbolunu izləyirsiniz?
- Nəvəm dünya futbolunu izləməyimə kömək edir, internet vasitəsilə xəbərləri deyir. Buna görə də, hər şeydən xəbərdar olmağa çalışıram.
- Düşünürsünüzmü ki, hazırda Azərbaycan klubları və millisi yüksəlişdədi?
- Seçmə mərhələdə onlarla bir qrupda olanda komandaların gücü eyni idi. Hətta Azərbaycanla həm evdə, həm də səfərdə heç-heçə etmişdik. Mövcud komanda haqqında demək istəyirəm ki, bizdə daha böyük imkanlar və perspektivlər var. Qazaxıstan yığmasının məşqçilər korpusuna güvənirəm. Mən “Astana”nın əvəzedici heyətində çalışdığım zaman əsas komandanın baş məşqçisi Stanimir Stoilov idi. Bolqarıstan məşqçiləri böyük potensiala sahibdilər - onlar güclü rəqiblərə qarşı düzgün oyun qura bilirlər. Milli komanda hansısa klub deyil, orda ölkənin ən güclü futbolçuları çıxış edir. Yəni yığmada futbolun səviyyəsi daha yüksəkdi. Komandamızın hazırkı məşqçi heyəti yüksək nəticələr əldə edəcək, onlardan bunu gözləyirəm. Bizdə yüksək potensiala malik gənc oyunçular var. Onlar fiziki və texniki cəhətdən güclüdülər. Yeni seçmə mərhələdə mütləq irəliləyişə nail olacağıq.
- Qazaxıstanla Azərbaycan arasında bu gün keçiriləcək qarşılaşmada şansları necə qiymətləndirirsiniz?
- Biz indi Ukrayna, Çexiya, Macarıstan kimi komandalarla rəqabət aparmalı, onlarla eyni səviyyədə oynamalıyıq. Artıq Moldova və Azərbaycandan danışmaq lazım deyil. Bu komandalara qarşı uğurlu çıxış etmək lazımdı. Avropaya keçdiyimizdən bəri ölkəmizdə futbolun səviyyəsi çox artıb.
- Necə düşünürsünüz, Qazaxıstan Futbol Federasiyası niyə əsas və gənclər yığmamıza rəqib kimi Azərbaycanı seçib?
- Fikrimcə, rəqib seçmək mümkün idi. Dünya çempionatı öncəsi hər kəs özünə rəqib axtarırdı. Məsələn, mən Rusiya və ya Ukraynanı seçərdim. Onlarla oyun daha güclü olardı.
- Azərbaycan yığmasının güclü tərəfləri hansılardı?
- Fərdi cəhətdən hər zaman istedadlı futbolçular olub. Çünki Azərbaycanda iqlim şəraiti, demək olar ki, ilboyu orda futbol oynamağa imkan verir. Əlbəttə ki, məşqçidən çox şey asılıdı - komandaya necə oyun üslubu tətbiq edəcək?
- Evdə oynamaq futbolçularımızın çıxışına müsbət təsir edəcək, yoxsa doğma azarkeşlər önündəki məsuliyyət uşaqlara mane olar?
- Düşünürəm ki, hər bir oyunçu evdə özünü daha etibarlı hiss edir. Bu üzdən doğma divarlar arasında oyun onları hücuma aparacaq. Futbolda psixoloji hazırlıq böyük rol oynayır.
- Rəqib oyunu əks-hücumlar üzərindən quracaq?
- Nəsə demək çətindi. Onlar rəqiblərə qarşı fərqli oyunlar keçirirlər. Qazaxıstanla matçda azərbaycanlılar, əlbəttə ki, daha etibarlı oynamağa və rəqibi qarşılamağa çalışacaqlar.
- Qazaxıstan millisi üçün bu gün uğurun açarı nə ola bilər?
- Düşünürəm ki, məşqçilər korpusu nəticəni ön planda tutmayacaq, yəni müsbət nəticə gözləməyəcək. Düzgün oyun - müdafiə və hücumda mütəşəkkil çıxış etmək və taktiki tapşırığın yerinə yetirilməsi tələb olunacaq. Stoilov “Astana”da bu strategiya ilə avrokuboklarda nəticə verdi. Əminəm ki, bu yığma meyvə verəcək.
- Ümumiyyətlə, komandaların eyni səviyyədə olduğunu söyləyə bilərikmi və ya sizcə, hansı yığma üstünlük təşkil edir?
- Deyə bilmərəm kim güclüdü. Şanslar yarı-yarıyadı. Qazaxıstan və Azərbaycan milliləri rəsmi görüşlərə hazırlaşırlar. Buna görə də, bütün oyunçuları görməyə çalışacaqlar.
- Hesab necə olar?
- Bunu demək çətindi, amma fikrimcə, oyun 2:1 hesabı ilə bizim xeyrimizə başa çatacaq.