[b]Piyadaların “hava yolları” [/b]
10.07.2018 - 09:59
[b]Piyadaların “hava yolları”
[/b]

Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına stadionun adı dəyişdirilib. Stadionun yerindəki təlim-məşq bazası qarşıdakı bir il ərzində "Türk Hava Yolları”nın adını daşıyacaq. Xeyli vaxtdı yerlə-yeksan edilən stadionun yerində bazanın tikintisi isə illərdi bitmək bilmir.

 

Bir vaxtlar klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin ən sevimli arqumenti "Neftçi” üçün təlim-məşq bazasının tikilməsi idi. Artıq 5-ci ildi bu tikinti işləri "acı bağırsaq” kimi uzanır. Hətta bu tikintiyə görə "Neftçi”nin borca düşdüyü, kluba ayrılan büdcənin böyük bir hissəsinin həmin təlim-məşq bazasına yönəldildiyi deyilirdi.

 

Ərazidə məşq meydançaları salınsa da, yardımçı binaların, paltardəyişmə otaqlarının, infrastruktur və ofislərin tikintisi yekunlaşmayıb. Ümumiyyətlə, bu tikintinin nə vaxt bitəcəyi heç kimə məlum deyil. Dünən keçirilən imzalanma mərasimində klubun prezidenti Kamran Quliyevə bununla bağlı sual da ünvanlanıb.

 

Maraqlıdı ki, prezident cavabdan yayınıb və icraçı direktor Elnur Eyvazovu irəli verib. Bu isə o deməkdi ki, tikintinin yekunlaşması kluba pul ayıran əsas sponsor SOCAR-dan asılıdı. Eyvazov isə ana sponsorun klubdakı nümayəndəsidi və maliyyənin xərclənməsinə nəzarət edir.

 

Bu yerdə qeyd edək ki, Eyvazov da suala konkret cavab verə bilməyib. Deməli, təlim-məşq bazasının tam şəkildə nə vaxt hazır olacağını heç kim bilmir. 

 

Təlim-məşq bazasının inşasının yarımçıq qalması səbəbindən "Neftçi”nin uşaq komandaları pərakəndə şəkildə məşq edir, obrazlı desək uşaqlar piyada uzaq yollara düşüb. Klubun ofisinin qarşısından və "Gənclik” metrostansiyası ətrafından azyaşlıları toplayan avtobuslar onları məşq etmək üçün uzaq Mərdəkana, "Dalğa Arena”ya aparır. Orda isə meydança bir-neçə hissəyə bölünür və eyni anda müxtəlif yaş qrupları üzrə komandalar məşq edir. Sonra isə yorğun uşaqlar həmin uzun yolu geri gətirilir və toplanma məntəqəsindən piyada evlərinə göndərilir. Belə vəziyyətdə isə gələcəyin böyük futbolçularının yetişdirilməsi heç də inandırıcı deyil.

 

Ümid edək ki, "Türk Hava Yolları” ilə bağlanılan müqavilədən sonra təlim-məşq bazasının düyünü çözüləcək.

 

Sonda klubun rəsmi saytında imzalanma mərasimi ilə bağlı yer alan məlumatı sizə təqdim edirik:

 

"Neftçi” Peşəkar Futbol Klubu Türkiyənin milli avidaşıyıcısı olan "Türk Hava Yolları” ilə brend əməkdaşlıq müqaviləsi imzalayıb. Bu gün Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə tərəflər qonaqların və media nümayəndələrinin qarşısında 1 illik müqaviləyə imza atıblar.
 

Razılaşmaya əsasən bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. "Neftçi” PFK-nın məşq formalarında, klubun sosial şəbəkə hesablarında, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapacaq. Həmçinin paytaxt təmsilçisinin təlim-məşq bazası "Türk Hava Yolları Futbol mərkəzi” adlandırılacaq. Əməkdaşlıq bu il üçün pilot layihə olacaq. Gələcəkdə daha da genişləndiriləcək, "Türk Hava Yolları” Azərbaycanın ən köklü futbol klubunun daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

 

Sitatın sonu.

 

Sport7.az

0