[b]“Qarabağ”ın “Feyenoord”a şərik olmaq şansı[/b]
01.08.2018 - 16:08
[b]“Qarabağ”ın “Feyenoord”a şərik olmaq şansı[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Kukesi” ilə bu gün keçiriləcək qarşılaşması “Qarabağ”ın UEFA reytinqindəki mövqeyinə təsir edə bilər. Apasport.az saytının məlumatına görə, səfərdəki qolsuz bərabərlikdən sonra Bakıda mərhələ adlamağa çalışacaq Qurban Qurbanovun yetirmələri sıralamada irəliləmək imkanına malikdi.

 

Hazırda hesabındakı 21,000 xalla 64-cü olan Ağdam klubu 64-cü sırada qərarlaşıb. Albaniya təmsilçisini mübarizədən kənarlaşdırmaq mümkün olsa, xal hesabı 22,000-a çatacaq.

 

Bu da 60-cı yerə şərik olmaq imkanı verir. “Qarabağ” “Kukesi” səddini adlasa, xallarına görə “Feyenoord” (Hollandiya), “Styaua” (Rumıniya) və “Lester”ə (İngiltərə) çatacaq. Düzdü, təmsilçimiz yarım xal gerisində qaldığı BATE-ni (Belarus) də keçə bilər. Lakin bunun üçün Borisov klubu HİK-i (Finlandiya) keçməməlidi.

 

Belarus təmsilçisi büdrəsə, “Qarabağ” qarşılaşmalardan sonra 60-cı yerə şərik olan 4-cü komanda olacaq. BATE-nin qələbəsi isə təmsilçimizi 61-ci yerin dörd şərikindən birinə çevirəcək. Lakin bu komandalardan ikisi – “Styaua” və “Feyenoord” da avrokuboklarda mübarizəni davam etdirir. Lakin II təsnifat mərhələsində yalnız rumıniyalılar meydana çıxacaq. Bu da Buxarest təmsilçisinə yenidən ağdamlılardan uzaqlaşmasına imkan yaradır. Təbii ki, “Styaua” Avropa Liqasında mərhələ adlamaqla bunu gerçəkləşdirə bilər. Amma qitə kuboklarına qatılmayan “Lester”, həmçinin növbəti raundu gözləyən “Feyenoord” III təsnifat mərhələsinin sonuna kimi çempionumuzla şərik qalacaq.