“Qarabağ”ın yeni transferi Simeon Slavçev Azərbaycan mətbuatına ilk açıqlamasını apasport.az saytına verib. Bolqarıstanlı yarımmüdafiəçi ölkə çempionuna keçidi barəsində danışıb və azarkeşlərə ismarıc yollayıb.
- “Qarabağ”a gəlməmişdən qabaq klub haqqında hansısa məlumatınız var idi?
- Əlbəttə. Son illər ardıcıl avrokuboklarda qrup mərhələlərində çıxış etdiyi üçün “Qarabağ” Avropada kifayət qədər tanınan klubdur.
- Azərbaycan təmsilçisindən təklif olduğunu eşidəndə ilk olaraq nə düşündünüz? Qərar vermək çətin olmadı?
- Çox diqqətlə düşünüb qərar verdim. Başqa variantlarım da var idi. Amma hər zaman hədəfi çempionluq olan, azarkeşləri tərəfindən daim dəstəklənən komandada oynamaq mənə cəlbedici gəldi. Üstəlik şərtlərlə tanış oldum, gördüm ki, klub olaraq yaxşı inkişaf perspektivi olan layihələri var. Burda hamı işinin peşəkarıdır. Komanda yaxşı futbol oynayır, hər kəsin, eləcə də mənim olmaq istədiyim bir yerdi. Böyük kluba keçdiyimi bilirəm. Buraya çempion olmaq və gözəl futbol oynamaq üçün gəlmişəm.
- Müqavilə ilə “Sportinq”ə məxsus olsanız da, icarə əsasında Kipr, İngiltərə, Polşa kimi müxtəlif ölkələrdə çıxış etmisiniz. Yəqin ki, bu amil yeni komandanıza adaptasiya olmağınıza müsbət təsir edəcək...
- Yaxşı oynamaq, komandaya fayda vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Bizim adaptasiya prosesi üçün əlavə çox vaxtımız yoxdu. Ümumiyyətlə, elə çox zamana ehtiyacım olacağını da düşünmürəm. Çünki gördüyüm qədərilə, burada kollektivin mehribanlığı və dostluq yüksək səviyyədədi.
- Bolqarıstan millisinin heyətində 4 il əvvəl Bakıya səfər etmiş və Azərbaycan yığması ilə qarşılaşmışdınız. Həmin oyundan hansısa azərbaycanlı futbolçu yadınızda qalıb?
- Yadıma gəlir ki, o matçda çox çətin qələbə qazanmışdıq (AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində 09.09.2014 tarixində Bakıda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəlmişdilər – Z.X.). Amma o zamanlar çox gənc idim, matçda da meydana çıxmamışdım. Ona görə hansısa oyunçu haqqında nəsə deyə bilmərəm.
- Yeni komandanızla məşqə çıxmaq imkanınız olubmu? İlk təəssüratlarınız necədi?
- Komanda ilə hələ ümumi məşqə çıxmamışam. Çünki fiziki hazırlığımla bağlı bir az problemlər var. Onları aradan qaldırmaq üçün çalışıram. Yaxın zamanlarda onlara qoşulacam.
- Son iki mövsümü Polşada keçirmisiniz. Hazırda “Qarabağ”da çıxış edən Yakup Jezniçak da ötən mövsümə qədər orda çıxış edirdi. Üz-üzə gəlmisinizmi Polşada?
- Xeyr, Kubaya qarşı oynamamışam, amma bilirəm ki, çox güclü futbolçudu.
- Son olaraq “Qarabağ” azarkeşlərinə nə demək istəyirsiniz?
- Ən qısa zamanda onların dəstəyini hiss etmək istəyirəm. Çalışacam ki, öz oyunumla azarkeşlərin çöhrəsində təbəssüm yaradım. Onlara xoş xatirələr bəxş edəcəm.
Zaur XUDİYEV