“Qazaxıstanla bizim hədəflərimiz fərqlidi” - Rəşad Sadıqov
04.06.2018 - 15:52
“Qazaxıstanla bizim hədəflərimiz fərqlidi” - Rəşad Sadıqov

“Maraqlı və yaradıcı oyun alındı. Hər iki komanda topa nəzarət etmək istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov deyib.

 

Gənc mütəxəssis bu gün Qazaxıstanla keçirilən yoldaşlıq görüşündən (1:1) sonra yerli mətbuatın suallarını cavablandırıb.

 

Komandamız qələbəni son dəqiqələrdə əldən verməsinə baxmayaraq, Sadıqov yetirmələrindən razılıq bildirib: “Nəticədən razı qaldım. Heyətimizdə yaşı az olan futbolçu çoxdu. Qazaxıstanla bizim hədəflərimiz fərqlidi. Sizin yığma qrupda ikinci yer uğrunda yarışırsa, biz komandanı yeniləməyə çalışırıq”.

 

Rəşad Sadıqov 80-ci dəqiqədə rəqibin lehinə verilən penalti qərarına münasibət bildirməyib: “Penalti anı və digər epizodlarla bağlı geniş şərh vermək istəmirəm. Komandam görmək istədiklərimi meydanda reallaşdırdı. Mənim üçün nəticə ikinci plandadı”.

 

36 yaşlı çalışdırıcı Qazaxıstan futbolu barədə müsbət fikirlər səsləndirib: “Qazaxıstanın yaxşı kollektivi var. Qazaxıstan futbolu inkişafdadı. “Astana”nın uğurları bunu sübut edir. Məncə, doğru yoldasınız”.

 

U-21-in baş məşqçisi “Astana”nın “sükanı arxası”na keçən “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk barədə də danışıb. O, ukraynalı mütəxəssisin ünvanına tərif deyib: “Maraqlı insan, yaxşı məşqçidi. Onunla mübarizə aparmaq maraqlı idi. Qriqorçuka “Astana”da uğurlar arzulayıram”.