[b]Qurban Qurbanov: Heyəti dəyişəcəyik[/b]
04.06.2018 - 17:48
[b]Qurban Qurbanov: Heyəti dəyişəcəyik[/b]

“Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdü. Qazaxıstanın klub səviyyəsində çox şey əldə edən yeni məşqçisi var. Komandamızın möhtəşəm futbol göstərməsini və müsbət nəticə qazanmasını istəyirəm”. Apasport.az-ın sports.kz saytına istinadən məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.

 

Təcrübəli mütəxəssis Qazaxıstanla sabah keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransı keçirib. Qurbanov yığmamızın meydana qələbə üçün çıxacağını bildirib.

 

- Milliyə bir neçə yeni futbolçu çağırmısınız. Onların sabah debüt etmək şansları varmı?

- Bəli, mümkündü. Biz heyəti dəyişəcəyik. Hətta görüşün gedişində də bu tip dəyişikliklər edə bilərik. Komandaya çağırılan bütün oyunçular şans əldə edəcəklər.

 

- Sizin üçün əsas motivasiya nə olacaq?

- Qazaxıstan çox ciddi rəqibdi. Amma biz də irəliləmək istəyirik. Bu, Millətlər Liqası öncəsi son yoxlama görüşləridi. Biz də bu turnirə ideal formada başlamaq istəyirik.

 

- Qazaxıstan yığmasının güclü və zəif cəhətləri hansılardı?

- Qazaxıstan millisinin Bolqarıstan və Macarıstanla son iki oyununu izləmişəm. Deyə bilərəm ki, intizamlı futbol oynayır, hücuma tez çıxırlar. Belə bir komanda ilə oynamaq asan olmayacaq.

 

- Rəqibin heyətində ən təhlükəli oyunçu kimi sayırsınız?

- Şəxslərə diqqət yetirmək istəmirəm. Mənim oyunçularım Qazaxıstan haqda bütün məlumatları əldə ediblər.

 

- Yoldaşlıq oyunu olduğunu nəzərə alsaq, komandanız sabah matça necə motivasiya olunacaq?

- Biz bütün görüşlərdə meydana qələbə üçün çıxırıq. Qarşıdakı oyunlar da istisna olmayacaq. Əksər futbolçular Qazaxıstana qarşı ilk dəfə çıxış etməyəcəklər. Bu isə rəqibi tanıdığımızı göstərir.