[b]Riçard Almeyda: Azərbaycanda ona qarşı çox oynamışam - MÜSAHİBƏ[/b]
07.07.2018 - 10:00
[b]Riçard Almeyda: Azərbaycanda ona qarşı çox oynamışam - MÜSAHİBƏ[/b]

“Astana” klubunun yeni transferi olan Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda sports.kz saytı əməkdaşının suallarını cavablandırıb. Apasport.az xəbər verir ki, “Qarabağ”ın sabiq oyunçusu “Astana”nı seçmə səbəblərini açıqlayıb.

 

- Azərbaycanda hər kəs Avropanın ciddi klublarından birinə keçəcəyinizə əmin idi. Son çarə olaraq ərəb pulları düşünülürdü. Niyə məhz “Astana”nı seçdiniz?

- Bir neçə klubdan təklif almışdım. Ancaq ailəmlə birlikdə “Astana”ya keçməli olduğumu düşündük. Çünki bu komanda daim öz ölkəsində çempionluğa oynayır, həmçinin Çempionlar Liqası və ya Avropa Liqasının pley-off mərhələsində iştirak edir. Hər il avrokubokların qrup mərhələsində mübarizə aparır.

 

- Sizin ən çox diqqətinizi çəkən nə oldu?

- Məni komandada görmək istəmələri və dedikləri həqiqətlər. Rəhbərlik məni bura gətirmək üçün hər cür səy göstərdi. Bu üzdən “Astana”ya üstünlük verdim.

 

- Bəzi azərbaycanlı jurnalistlər kimi, siz də “Astana”nı tramplin hesab edirsiniz? Qazaxıstan çempionuna keçidi peşəkar karyeranızda irəliyə atılmış addım sayırsız?

- Həyatımda verdiyim qərarlardan asılı olmayaraq, hər zaman irəliləyirəm. Daim daha yüksəyə çalışmışam. Ən əsası, ailəm yanımdadı, mənə dəstək verir. “Astana”ya keçdiyim üçün şadam.

 

- Baş məşqçi Roman Qriqorçuku yaxşı tanıyırsınız?

- Azərbaycanda ona qarşı çox oynamışam. Açığı, yaxından tanımırdım. Ancaq yaxşı məşqçiliklə yanaşı, həm də gözəl insan olduğunu bilirdim. Qriqorçuk mənim necə xeyir verə biləcəyimi yaxşı bilir.

 

- “Astana” və Qazaxıstanla bağlı ilk təəssüratlarınız necədi?

- Təəssüratlar yaxşıdı. İlk gündən hamı məni yaxşı qəbul etdi. Eyni zamanda burda əla infrastruktur var.

 

- Azərbaycanda mövsüm mayda başa çatır, Qazaxıstanda isə davam edir. Bərpa olunmaq və gücünüzü toplamaq imkanınız oldu? Funksional durumunuzu necə dəyərləndirərdiniz?

- Açığı, indi 100 faiz hazır deyiləm. Çünki mənə məşq etməyə mane olan problemlər var idi. Ancaq gündən-günə fiziki durumumu artırıram, çox çalışıram.

 

- Qazaxıstana qarşı Astanada keçirilən yoldaşlıq görüşündə Azərbaycan millisinin heyətində niyə çıxış etmədiniz?

- Topuğum şişdiyi üçün oynaya bilmədim. Matça baxa da bilmədim. Çünki həmin vaxt təyyarədə idim, istirahət üçün Braziliyaya gedirdim.

 

- “Astana”nın son matçını izlədiniz. Özünüzü komandanın hansı mövqeyində görürsünüz?

- Həm son, həm də ondan əvvəlki iki görüşü izlədim. Mənim rolum komanda yoldaşlarıma kömək etməkdi. Komandada əla futbolçular var.

 

- “Astana” gələn həftə Avropa Liqasında təsnifat mərhələsinə start verəcək. İlk oyun üçün iştirak ərizəsində olacaqsınız?

- Fikrimcə, bəli.

 

- “Astana” azarkeşlərinə nə demək istərdiniz?

- Onlar arxayın olsunlar ki, mən çalışmağı sevən insanam. Həmişə kollektivin maraqlarını üstün tuturam. Birlikdə yaxşı nəticələr əldə edə bilərik.