“Yuventus”un sabiq futbolçusu Alessandro Del Piero Kriştianu Ronaldonun Turin klubuna transferinə münasibət bildirib. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, İtaliya futbolunun əfsanəsi portuqaliyalı ulduzun gəlişindən sonra komandanın Çempionlar Liqasındakı şanslarının daha yüksək olduğunu deyib.
“Ronaldonun transferi “Yuve” üçün vacib idi. Portuqaliyalı olmadan da güclü komandaya sahib idilər, ancaq indi daha da yaxşı görünürlər. Heç şübhəsiz ki, onun gəlişi ilə “Yuventus”un prioriteti Çempionlar Liqasıdı. Artıq qalib olmaq şansları daha yüksəkdi” – deyə, o bildirib.
Del Piero həmçinin “Barselona”nın ulduzu Lionel Messi haqqında danışmağı da unutmayıb: “Messi? Mənə görə, o, fantastik futbolçudu. Onun oyunu çox sadədi. Mənə bir-iki şey öyrətməsi üçün nə qədər desə ödəyərdim”.
Qeyd edək ki, Kriştianu Ronaldonun transferi “Yuventus”a 100 milyon avroya başa gəlmişdi.