[b]Samir Abasov: Bir qəpiklik oynamadılar[/b]
13.07.2018 - 15:47
[b]Samir Abasov: Bir qəpiklik oynamadılar[/b]

Veteran futbolçu, “Sumqayıt” klubunun sabiq baş məşqçisi Samir Abasovun apasport.az saytına müsahibəsi

 

- Klublarımız Avrokubokda ilk oyunlarını keçirdilər. Dünənki matçların nəticələri sizin üçün gözlənilməz olmadı?

- Açığı, komandalarımızın heç birinin oyununa baxmamışam. Amma nəticələrdən xəbərdaram. Futboldan bir az uzaqlaşdığım üçün rəqiblərin hazırkı durumunu bilmirəm. Amma Malta və Lüksemburq klubunun qələbəsindən sonra adam öz-özünə sual verir ki, bu qədər gücləniblər ki, onlara uduzuruq? Bəlkə də, ölkələrinin ən yaxşı klublarından biridilər. Sadəcə, ölkə olaraq, Malta və Lüksemburq adı məndə sual doğurur.

 

- “Neftçi” isə “Uypeşt”lə görüşdə ilk qolu buraxmasına baxmayaraq, sonda qələbə qazanmağı (3:1) bacardı. “Neftçi”ni artıq növbəti mərhələdə saymaq olarmı?

- Macarıstan futbolu yəqin ki, digərlərindən güclü olar. Düzü, onların da klublarının səviyyəsini bilmirəm. Məncə, hələ tələsmək olmaz. Çünki komandalarımızı daha bir 90 dəqiqəlik mübarizə gözləyir. Həm “Neftçi”yə, həm “Keşlə”yə, həm də “Qəbələ”yə cavab oyununda uğurlar arzulayıram.

 

- Klublarımızın son illər avrokuboklardakı çıxışını nəzərə alsaq, “Baltsan” və “Proqres”in müvafiq olaraq “Keşlə” və “Qəbələ” üzərindəki qələbəsinə təəccüblənməmək mümkün deyil...

- Düzü, heç öz komandalarımızın hazırkı durumundan xəbərim yoxdu. Klublarımızda yeni oyunçular var, heyətlərinin formalaşması zaman tələb edir. Açığı, püşkatmadan sonra hamı kimi, mən də düşünürdüm ki, komandalarımız I mərhələni rahat keçəcəklər. Təkcə “Neftçi”yə çətin olmasını gözləyirdim. Axı Macarıstan hara, Malta ilə Lüksemburq hara? Amma əksini gördük. “Keşlə”nin səfərdə böyük hesabla (1:4) və “Qəbələ”nin evdə (0:2) uduzması sürpriz oldu.

 

- İlk oyunlardan sonra Avropa Liqasında yalnız “Neftçi”nin yoluna davam etməsi real görünür. “Keşlə” və “Qəbələ”nin geridönüş etmək şansı nə qədərdi?

- Bunun üçün bir həftə gözləmək lazımdı. Bəlkə, doğrudan da, bu reallaşacaq. Nəzərə alaq ki, ilk oyunları idi. İstənilən komanda birinci matçdan sonra səhvləri üzərində işləyib, daha yaxşı çıxış edir.

 

- “Qarabağ” isə Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya”ya səfərdə (1:0) qalib gəldi. Azərbaycan çempionu növbəti mərhələ barədə düşünə bilərmi?

- “Qarabağ”ın heyətində hansı dəyişikliklərin edilməsindən xəbərim yoxdu, yeni gələnləri tanımıram. Amma ilk gündən 4 komanda arasında yalnız “Qarabağ”a görə rahat idim. Bu komanda necə oynamaq lazım olduğunu yaxşı bildiyi üçün mərhələni keçəcək. Çünki səfərdə də qələbə qazanıb.

 

- Avrokuboklarla paralel keçirilən dünya çempionatı başa çatır. Fransa – Xorvatiya finalı gözlənilən idimi?

- Mən əvvəldən Fransanı favorit hesab edirdim. Həmçinin Latın Amerikasının komandalarını. Amma Fransaya bir qram da azarkeşlik etmirəm. Onlar bu dünya çempionatında bir qəpiklik futbol oynamadılar, amma finala qədər gəliblər. İnşallah, finalda uduzarlar. Xorvatiyanın çempion olmasını istəyirəm.

 

- Xorvatiya çoxları üçün sürpriz oldu. Bəs siz onlardan bu çıxışı gözləyirdiniz?

- Xorvatiya sürpriz oldu. Argentina, Braziliya kimi komandalar favorit sayılırdı. Xorvatiyanı, bəlkə də, heç kim bu siyahıya salmırdı. Amma onlar finala layiqli şəkildə gəliblər. Məsələn, Kolumbiya, hətta İngiltərə finala çıxsaydı, deyərdik ki, hardasa bəxti gətirdi. Amma Xorvatiya bəxtə arxalanmır. İngiltərə ilə yarımfinal matçının ikinci hissəsini rəqibin qapısı qarşısında keçirdilər. Fikir verdinizsə, xorvatlar son 3 görüşün hər birində 120 dəqiqə mübarizə apardılar. Bu, bizim üçün qəribə görünə bilər. Amma onlar buna öyrəşiblər. Avropada mövsüm ərzində 60-70 oyun keçirirlər, artıq vərdiş ediblər. Həm də onlarda çempion olmaq iştahası o qədərdi ki, bir gündən bir oynasalar da, problem yaşamazlar.

 

- Finalla bağlı proqnozunuz nədi?

- Finalda favorit Fransadı. Ancaq ümid edirəm ki, Xorvatiya qalib gələr. Bu komandaya azarkeşlik edəcəm.

 

Ruslan SADIQOV