“Qələbəyə layiq olduğumuzu düşünürəm. Bütün oyun boyunca mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Proqres”in baş məşqçisi Paolo Amodio deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Qəbələ” ilə qarşılaşan Lüksemburq təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Matçdan sonra mətbuat konfransında iştirak edən qonaq komandanın çalışdırıcısı fikirlərini bölüşüb: “Müdafiədən oynayıb şansımızı gözlədik. Futbolda da şans əsas məsələdi. Bu axşam bizim bəxtimiz gətirdi. Şanssız tərəf siz idiniz”.
- Meydanda gözlədiyiniz rəqibi gördünüzmü?
- “Qəbələ” haqqında danışmaq istəmirəm. Biz bura rəqibi tanıyaraq hazırlıqlı gəlmişdik.
- “Proqres” ilk hissədə müdafiədə oynasa da, ikinci hissədə hücuma keçdi. 45 dəqiqə kəşfiyyat üçün bəs etdi?
- Bizim bir planımız var idi və 90 dəqiqə boyunca onu tətbiq etdik. Yorulduq, amma şansımızdan yararlandıq.
- Sanki “Qəbələ”nin fiziki gücü zəif idi. Rəqib komandanın ikinci oyuna daha hazır olacağını düşünürsüzmü?
- Biz də onlar kimi, bir həftə məşq edəcəyik və hazır olacağıq.
- Özünüzü artıq ikinci mərhələdə hiss edirsiz?
- Biz “Qəbələ”nin gücünü bilirik və belə rahat düşünə bilmərik. Onları gözləyirik, ikinci oyun sıfırdan başlayacaq.