[b]“Səbail”in Siyasəti: Ölkədə məşqçi "tapılmır" [/b]
10.07.2018 - 10:24
[b]“Səbail”in Siyasəti: Ölkədə məşqçi "tapılmır" [/b]

Vasif Haqverdiyevin “Sabah”ın əvəzedici heyətinə baş məşqçi təyin olunmasından sonra “Səbail”in U-19 komandasının baş məşqçisi postu vakant idi. Artıq Bayıl təmsilçisi seçimini edib. Apasport.az “futbolinfo”ya istinadən xəbər verir ki, bu komandaya Siyasət Əsgərov rəhbərlik edəcək. O, eyni zamanda Azərbaycanın müxtəlif yaşlı qadınlardan ibarət milli komandalarında da işini davam etdirəcək.

 

Əcəba, niyə? Ölkədə məşqçimi yoxdu? AFFA az qala hər ay məşqçi kursları təşkil edir, sertifikat, kateqoriya paylayır. O zaman “Səbail” nəyə görə Əsgərova möhtac qalıb?

 

Əslində, səbəb birbaşa AFFA ilə bağlıdı. Sevimli, sözəbaxan məşqçilərini öz monopoliyasında olan klublara yerləşdirməklə məşhur olan AFFA, biliyinə, bacarığına baxmadan onları işlə təmin edir. Onlara hətta 3-4 post birdən həvalə edilir. Onsuz da “Səbail” kimi klublara hansısa inkişaf yox, ayrılan büdcənin dost-tanış, sevimlilər arasında bölüşdürülməsi vacibdi.

 

Siyasətin hansısa işdə fövqəladə uğuru olsaydı, yenə də bu təyinatı başa düşmək olardı. O isə faktiki sıradan biridi, ağalarına “baş üstə” ilə qulluq göstərməsi sayəsində seçilir.  

 

Əsgərov “hərşeyşünas” olan məşqçilərdəndi. Qadın və kişi futbolu tam fərqlidi, psixologiyadan tutmuş, məşq metodlarına kimi ciddi ayrılıqlar var. Amma bu cavan oğlan indi iki işi özündə birləşdirə biləcək.

 

31 yaşlı Siyasət Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məzunudu. O, “Neftçi”nin əvəzedici heyətində, eləcə də MOİK-də qısa futbolçu karyerası yaşayıb. 3 il ərzində top oyununun onluq olmadığını anlayıb və birdən-birə məşqçiliyə başlayıb.

 

20 yaşında ikən (!!!) MOİK-in əvəzedici heyətində məşqçiliyə start verən Əsgərov bir il sonra bu komandanın əsas, ardınca əvəzedici heyətində baş məşqçi olub. Əsas komandadan sonra əvəzedicilərlə işləməyin nə demək olduğunu arif adamlar yaxşı anlayır. Heç bir uğuru olmadan 2010-cu ildə - 23 yaşında 17 yaşadək qızlardan ibarət milli komandaya, 2013-cü ildən etibarən isə 19 yaşlı qızlar millisinə məşqçi təyin olunub. O, hazırda da 17 yaşlı qızların baş məşqçisidi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir (affa.az).

 

Daha böyük yaşlı komandada baş, nisbətən balacalarda köməkçi məşqçi işləmək özü də absurddu. Və bütün bunlarla yanaşı, o, həmin postlarda saxlanmaqla yanaşı, hazırda “Səbail”in oğlanlardan ibarət U-19 komandasına da rəhbərlik edəcək. Gərək ki, bu, Bayıl təmsilçisinin yeni siyasətidi. Sabahımız olan uşaqları kimə tapşırdıqlarının fərqində deyillər, təki AFFA-dan verilən əmr yerinə yetirilsin.

 

0