"Beşiktaş"ın yeni baş məşqçisi Vinçenzo İtaliyano Semih Kılıçsoyun gələcəyi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis gənc hücumçunun keyfiyyətlərini yüksək qiymətləndirdiyini bildirib.
"Semihi tanıyıram. Yaxşı futbolçudur. Mövsümün ilk yarısında yaxşı çıxış edirdi. Sonradan niyə eyni performansı davam etdirə bilmədiyini bilmirəm. Bu məsələni rəhbərliklə müzakirə edəcəyik. Sonra onunla bağlı qiymətləndirmə aparacağıq. Amma onu tanıyıram və yaxşı oyunçu olduğunu düşünürəm", - deyə İtaliyano vurğulayıb.
Xatırladaq ki, Semih Kılıçsoy ötən ilin yayında satınalma şərti ilə "Beşiktaş"dan "Kalyari"yə icarəyə göndərilib.
20 yaşlı hücumçu cari mövsüm İtaliya A Seriyasında 22 oyunda 4 qol vurub.