Serdal Adalı: "Əgər mən qısa zamanda uğur qazanmaq istəsəydim..."
11.08.2025 - 15:51
Serdal Adalı: "Əgər mən qısa zamanda uğur qazanmaq istəsəydim..."

“Ole-Qunnar Sulşerə vaxt verəcəyik. Komanda olaraq belə bir vəziyyətdə bizi qəbul edən baş məşqçimizi heç yerə göndərmək fikrimiz yoxdur”.

Apasport.az xəbər verir ki, bu sözləri “Beşiktaş”ın prezidenti Serdal Adalı yerli mətbuata açıqlamasında deyib.

Türkiyəli iş adamı “qara qartallar”ın hazırkı vəziyyəti və oyunçu transferləri ilə bağlı fikirlərini bölüşüb:

“Transfer pəncərəsində öncəliyimizi iki mövqeyə yönəltmişik – sol cinah və sağ cinah müdafiəçisi. “Beşiktaş”ı təhqir edən azarkeş ola bilməz. Elə biri varsa, o, bu klubun azarkeşi deyil. Əgər mən qısa zamanda uğur qazanmaq istəsəydim, 30-35 yaşlı bir çox oyunçunu transfer edərdim və “Şaxtyor” matçına da onlarla çıxardıq. Amma mən komandamızı və azarkeşlərimizi gələcəkdə pis vəziyyətdə qoymaq istəmirəm. Biz bunun üçün çalışırıq".

Prezident həmçinin keçmişdə yaranan borclara da toxunub: "Geridə qalan illərdə bir çox oyunçunun 80 milyon TL-yə yaxın menecer maaşları ödənməmişdi. Yaxın günlərdə bu məbləğ klub tərəfindən ödəniləcək. 15-20 gün əvvəl komandamızda yer almayan Vinsent Abubakar, Daniel Amartey, Onur Bulut, Umut Meraş kimi futbolçulara 16-17 milyon avro ödəniş etdik”.